Avropa Parlamenti fermerlərə ayrılan vəsaitin artırılmasını tələb edir
Avropa Parlamenti Avropa İttifaqının (Aİ) 2028-2034-cü illəri əhatə edən büdcəsində fermerlərə ayrılan maliyyənin artırılmasını tələb edib və əks halda büdcə ilə bağlı danışıqları bloklamaqla hədələyib.
AFN.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, müvafiq tələbi Avropa Parlamentinin kənd təsərrüfatı və balıqçılıq komitəsi irəli sürüb. Bu addım Aİ büdcəsinə daha çox vəsait ödəyən, lakin büdcədən daha az vəsait alan donor ölkələrin Avropa Komissiyasının hazırladığı büdcə layihəsinin ən azı 13 faiz, bəzi istiqamətlər üzrə isə 17 faiz azaldılmasını tələb etdiyi bir vaxta təsadüf edir.
“Politico” qeyd edir ki, yaranmış vəziyyət Avropa Şurasının rəhbəri Antonio Koştanın noyabrın 26-27-də keçirilməsi planlaşdırılan növbədənkənar büdcə sammitinə hazırlıq prosesində üzləşdiyi çətinlikləri artırır.
Avropa fermerlərinə ödənişləri də təmin edən Aİ-nin Ümumi Kənd Təsərrüfatı Siyasəti onilliklər ərzində qurumun büdcəsində əsas xərc istiqamətlərindən biri olub. Əvvəllər büdcə vəsaitlərinin 40 faizi bu siyasətin payına düşüb.
Avropa Komissiyasının hazırladığı yeni yeddiillik büdcə layihəsi ümumi büdcənin artırılmasını, Aİ tarixində ilk dəfə hərbi xərclər üçün ayrıca maliyyə istiqamətinin yaradılmasını nəzərdə tutur. Bunun nəticəsində kənd təsərrüfatına və ittifaqın iqtisadi cəhətdən geridə qalan regionlarının inkişafına ayrılan vəsaitin azaldılması təklif olunur.
Nəşrin yazdığına görə, layihənin bu müddəaları Aİ ölkələri və ayrı-ayrı siyasi qüvvələr tərəfindən tənqid edilib. Avropanın siyasi dairələrində hərbi xərclərin artırılmasına nisbətən daha az etiraz var. Əsas mübahisələr isə bu artımın hansı sahələrin hesabına maliyyələşdiriləcəyi ətrafında gedir.

