Azərbaycanda kiber risklərin sığortası bazarı genişlənir: Şirkətlər hansı riskləri bölüşür?


Azərbaycanda rəqəmsallaşmanın sürətlənməsi və texnologiyadan istifadənin genişlənməsi fonunda kiber risklərin sığortası məsələsi aktuallıq qazanır. Bəs texnologiya sahəsini əhatə edəcək yeni sığorta məhsulunun yaradılması nəzərdə tutulurmu?

AFN.az-ın əməkdaşı bu sualı Azərbaycan Mərkəzi Bankının (AMB) Sığorta fəaliyyətinə nəzarət departamentinin şöbə rəisi Ramin Cəfərova ünvanlayıb.

Məsələni şərh edən qurum nümayəndəsi bildirib ki, hazırda Azərbaycanda bu istiqamətdə fəaliyyət göstərməyə icazə alan və xidmət göstərən şirkətlər mövcuddur. Bunlar kiber risklərə məruz qalma ehtimalı olan potensial sığortalılara kiber sığorta xidmətləri göstərən qurumlardır.

R.Cəfərovun sözlərinə görə, ölkədə ümumilikdə 10 qeyri-həyat sığorta şirkəti fəaliyyət göstərir. Onlardan yalnız biri aqrar sığorta ilə məşğul olur, qalan 9 şirkət isə qeyri-həyat sığortasının digər növləri üzrə xidmət göstərir: "Sığorta bazarında bu xidmətin genişləndirilməsi istiqamətində lisenziyalaşdırma 2025-ci ildən etibarən həyata keçirilir və həmin şirkətlərə kiber risklərin sığortası ilə məşğul olmağa icazə verilib".

Qurum rəsmisi qeyd edib ki, kiber risklərin sığortası kifayət qədər riskli sahə hesab olunur və burada risklərin düzgün qiymətləndirilməsi mühüm əhəmiyyət daşıyır: "Bu sahədə iki əsas risk növü fərqləndirilir: məlum olan risklər — dəyən ziyanın əvvəlcədən görünən və gözlənilən olduğu hallar — və “riskin riski” adlandırılan, zərərin əvvəlcədən dəqiq müəyyənləşdirilməsinin çətin olduğu hallar. Məhz bu səbəbdən kiber risklərin idarə olunmasında İT ekspertlərinin dəstəyi və rəyi zəruri hesab olunur. Sığorta təminatı verilərkən şirkətlər bütün riskləri təkbaşına üzərlərinə götürmürlər. Çünki gözlənilməz hadisələr sığorta şirkətlərinin maliyyə dayanıqlığına mənfi təsir göstərə bilər".

R.Cəfərov bildirib ki, qanunvericiliyə əsasən, sığorta şirkətləri bir müqavilə üzrə məcmu kapitalın müəyyən faizindən artıq risk götürə bilməzlər: "Məsələn, şirkətin 30 milyon manat məcmu kapitalı varsa və 10 milyon manatlıq müqavilə bağlayırsa, riskin maksimum 10 faizini, yəni 3 milyon manatını öz üzərində saxlaya bilər. Qalan 7 milyon manatlıq hissə isə təkrar sığortaya yönəldilməlidir. Heç bir şirkət öz portfelini riskə ataraq belə bir riski təkbaşına saxlamağa çalışmır. Əksinə, riski qəbul edərkən onu xarici bazarlarla bölüşdürür ki, hər hansı kütləvi hadisə baş verdikdə yalnız bir şirkət iflas riski ilə üzləşməsin. Bizim bazarlarda belə hal baş verib. Həm yerli tənzimləyicilərin tələbləri, həm də beynəlxalq standartlar nəzərə alınmaqla, bazarda yeni tətbiq olunmağa başlayan bu məhsul üzrə şirkətlər digər qabaqcıl qurumların təcrübəsindən faydalanırlar. Bu istiqamətdə təkmilləşdirmə işləri davam etdirilir".





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu