Alman ordusu Rusiyadan qaynaqlanan təxribat təhlükəsinin səviyyəsini yüksəldib
Alman ordusunun Rusiyadan qaynaqlanan təxribat təhlükəsi ilə bağlı qiymətləndirməni ciddi səviyyəsinə yüksəltdiyi bildirilir.
AFN.az xəbər verir ki, Almaniyanın WDR ictimai yayımçısı və Süddeutsche Zeitung qəzetinin birgə məlumatına görə, Alman Silahlı Qüvvələrinin hazırladığı daxili hesabatda bu təhlükənin ilk dəfə ciddi səviyyəsində qiymətləndirildiyi qeyd olunub.
Avqustun 4-də Leypsiq-Halle hava limanında partlayıcı yüklənmiş pilotsuz uçuş aparatının (PUA) aşkarlanması kimi hadisələrə diqqət çəkilən hesabatda bu insidentlərin Rusiyanın uzun müddətdir Almaniya ordusunun bölmələrinə və obyektlərinə qarşı, demək olar ki, şübhəsiz şəkildə hərəkət etmək imkanına malik olduğunu göstərdiyi iddia edilib.
Hesabatda ehtimal olunur ki, əsas məqsəd Almaniyanın Ukraynaya verdiyi dəstəyi siyasi səviyyədə və cəmiyyət arasında zəiflətməkdir. Moskvanın Ukraynaya göstərilən bütün növ yardımları təsirsiz hala gətirməyə və bununla da ölkənin müdafiə qabiliyyətinə zərər vurmağa çalışdığı irəli sürülüb.
Hesabatda Rusiyanın PUA-lardan istifadə etməklə Almaniyaya və Almaniya ordusuna qarşı kinetik və ya ölümcül təsir göstərmək niyyəti daşıdığı, bununla da indiyədək keçilməsi gözlənilməyən qırmızı xətti aşdığı qeyd olunub.
Xəbərdə Alman ordusunun təhlükə qiymətləndirmə şkalasında ciddi səviyyənin ikinci ən yüksək pillə olduğu bildirilib. Bu səviyyənin yüksəldilməsi Almaniya ordusunun təhlükəsizlik tədbirlərini genişləndirməsinə səbəb ola bilər.
Almaniyada avqustun 4-də Leypsiq-Halle hava limanında partlayıcı yüklənmiş PUA-nın aşkarlanmasından sonra sentyabrın ortalarında bir fermerin Vunstorf hərbi hava bazasının yaxınlığında başqa bir PUA gördüyü bildirilmişdi.
Vunstorfda aşkarlanan PUA-nın Leypsiq-Halle hava limanında tapılan aparatla oxşarlıq təşkil etdiyi qeyd olunmuşdu.
Almaniyanın xarici kəşfiyyatına cavabdeh Federal Kəşfiyyat Xidmətinin (BND) rəhbəri Martin Yeger də oktyabrın 5-də verdiyi açıqlamada Rusiyanın Almaniyaya qarşı kölgə müharibəsi apardığını iddia etmişdi. O, Almaniyanın Rusiya ilə zorakı münaqişəyə sürüklənmək təhlükəsi ilə üz-üzə olduğunu bildirmişdi.
