Avropa-Rusiya xəttində partlayıcı yüklü PUA gərginliyi artır: qarşılıqlı sərt açıqlamalar



Almaniyanın Leypsiq-Halle hava limanında partlayıcı yüklü PUA aşkarlanmasından sonra Avropa ilə Rusiya arasındakı diplomatik böhran getdikcə dərinləşir. Qarşılıqlı ittihamların mərkəzində olan hadisə ilə bağlı Almaniya və İngiltərə Rusiyanı hədəf alarkən, Moskva ittihamları rədd edərək sərt cavab addımları atacağını açıqlayıb.

Almaniyada partlayıcı yüklü olduğu ehtimal edilən pilotsuz uçuş aparatının (PUA) aşkarlanması ilə başlayan gərginlik artır.

AFN.az xəbər verir ki, avqustun 4-də Leypsiq-Halle hava limanında Ukraynaya məxsus yük təyyarəsinin yaxınlığında aşkarlanan qurğu Berlin ilə Moskva arasındakı gərginliyi ən yüksək həddə çatdırıb.

ABŞ kəşfiyyatının sözügedən PUA-nın Rusiya hərbi kəşfiyyatına xas xüsusiyyətlər daşıdığını iddia etməsindən sonra Almaniya baş verənlərə görə birbaşa Rusiyanı məsul tutub.

Almaniya hadisədən sonra Rusiyaya qarşı diplomatik sanksiyaları işə salaraq Bonndakı Rusiya Baş Konsulluğunun sentyabrın 18-dən etibarən bağlanacağını və Berlindəki “Rus Evi” mədəniyyət mərkəzi ilə bağlı müqavilənin ləğv ediləcəyini açıqlayıb.

Moskva rəhbərliyi isə ittihamları uydurma və əsassız adlandıraraq Berlinin iddiaları ilə bağlı heç bir konkret sübut təqdim etmədiyini vurğulayıb.

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Vladivostokda keçirilən 11-ci Şərq İqtisadi Forumunda verdiyi açıqlamada Almaniyanın atdığı addımlara eyni şəkildə cavab veriləcəyini bildirib.

Lavrov Berlindəki Rus Evinin bağlanmasından sonra Rusiyada fəaliyyət göstərən Goethe İnstitutunun Moskva, Sankt-Peterburq və Yekaterinburqdakı filiallarının fəaliyyətinə xitam veriləcəyini açıqlayıb.

Avropanın Rusiyanı düşmən kimi gördüyünü müdafiə edən Lavrov “Özümüzü Avropadan təcrid etmək istəmirik, Avropa özünü bizdən uzaqlaşdırdı. Qərb diplomatiyanı yalnız sanksiyalar üzərindən həyata keçirir” deyərək, Almaniyanın nümayiş etdirdiyi militarist yanaşmanın bütün Avropa üçün təhlükə yaratdığını iddia edib.

Böhran qısa müddətdə digər Avropa ölkələrinə də sıçrayıb. İngiltərə Leypsiqdəki hadisə ilə əlaqədar Rusiyanın Londondakı səfirliyinin müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağıraraq hadisəni ən sərt şəkildə pisləyib.

İngiltərə Xarici İşlər Nazirliyinin açıqlamasında Almaniya ilə tam həmrəylik nümayiş etdirildiyi və hücumun “dəhşətli və məsuliyyətsiz” olduğu bildirilib. Açıqlamada Rusiyanın müttəfiqlər arasındakı birliyi pozmaq cəhdlərinin nəticəsiz qalacağı qeyd edilərək, ümumi təhlükəsizliyi hədəf alan bu cür əməllərin bütün səviyyələrdə ifşa ediləcəyi vurğulanıb.

İngiltərənin addımından sonra Rusiya London və digər Avropa paytaxtlarının atacağı yeni addımların cavabsız qalmayacağını açıqlayıb.

Moskva rəhbərliyi bəzi Avropa ölkələrinin Rusiya ilə münasibətləri yaxşılaşdırmaq cəhdlərinin Almaniya və müttəfiqləri tərəfindən əngəlləndiyini iddia edərək, diplomatik təzyiq və sanksiyalara qarşı hər cür qarşılıqlı tədbirin gündəmdə olduğu barədə xəbərdarlıq edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu