Putin: Rusiya və Ukrayna arasında razılaşma əldə etmək üçün şans var
Rusiya Prezidenti Vladimir Putin ölkəsi ilə Ukraynanın aralarında razılaşma əldə etməli olduğunu və bunun üçün şansın olduğunu bildirərək, “Nəhayət, problem münaqişə tərəfləri arasında həll edilməlidir” deyib.
Putin Vladivostok şəhərində keçirilən 11-ci Şərq İqtisadi Forumunun plenar iclasında iştirak edib.
İclasda İndoneziya Prezidenti Prabovo Subianto ilə yanaşı, Monqolustanın Baş naziri Nyam-Osorın Uxral, Myanmanın dövlət başçısının müavini Nyo Saw, Çinin Baş nazirinin müavini Din Syueşyianq da iştirak edib.
Forumda çıxış edən Putin ABŞ-ın Ukrayna böhranının həllindən sonra Rusiya ilə münasibətlərə diqqət yetirəcəyinə diqqət çəkərək bunları deyib:
“Rusiya və Ukrayna öz aralarında razılaşma əldə etməlidir. ABŞ və Çin də daxil olmaqla digər ölkələr bu prosesi dəstəkləməyə hazırdır. Nəhayət, problem münaqişə tərəfləri arasında həll edilməlidir. Bunlar da Rusiya və Ukraynadır. Bunun doğru yanaşma olduğuna inanırıq. Məsələnin həllinə töhfə verməyə çalışan hər kəsə təşəkkür edirik. Bəs həll üçün şans varmı? Məncə, var.”
AFN.az xəbər verir ki, Putin Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiyanın mülki aviasiyasına qarşı təhdid səsləndirdiyini bildirərək, “Bu, dövlət terrorunun təzahürüdür. Bu, sülh danışıqlarının aparılması imkanlarını çətinləşdirir. Buna səssiz qalan Ukraynanın Qərb müttəfiqləri beynəlxalq terrorizmin şəriklərinə çevrilirlər” deyə qiymətləndirib.
ABŞ tərəfi ilə təmasların davam etdiyini bildirən Putin “Bu təmasların davam edəcəyinə ümid edirəm. ABŞ ilə tam formatlı münasibətlərin bərpasının tərəfdarıyıq, lakin bu, təkcə bizdən deyil, Amerika tərəfindən də asılıdır. Tramp bu məsələdə maraqlıdır. Bunun müsbət nəticələrə gətirib çıxaracağına ümid edirəm” ifadələrini işlədib.
Vladimir Putin Ukrayna tərəfi ilə də kəşfiyyat xidmətləri vasitəsilə təmasların davam etdiyini qeyd edib.
Ukrayna ordusunun Rusiyadakı mülki infrastruktura hücumlar təşkil etdiyini bildirən Putin buna cavab verdiklərini deyərək, “Bu, Pandoranın qutusunu açanlar baxımından olduqca mühüm nəticə ortaya çıxardı” söyləyib.
Ölkəsində hücuma məruz qalan neft emalı zavodlarının təmiri istiqamətində işlərin davam etdiyini bildirən Putin təmir işlərinin 10 faizinin qaldığını qeyd edib.
Putin Rusiyadakı yanacaq problemi ilə bağlı isə “Hər şeyə hazır olmalıyıq” ifadəsini işlədib.
Rusiyada yeni səfərbərlik dalğasının başlayacağı ilə bağlı iddiaları təkzib edən Putin bunun Rusiyada parlamentin aşağı palatası olan Dövlət Dumasına keçiriləcək seçkilər ərəfəsində həyata keçirilən informasiya hücumu olduğunu vurğulayıb.
Putin, “Səfərbərlik tələb edəcək hər hansı ssenari yoxdur. Hərbi personalın sayı baxımından heç bir problemimiz yoxdur” deyə danışıb.
Almaniyanın Leypsiq-Halle hava limanında partlayıcı yüklü PUA aşkarlanması səbəbilə Rusiyanın Bonndakı Baş Konsulluğunu bağlamaq qərarını xatırladan Putin, “Almaniya fobiyalarına görə Rusiya və Almaniya vətəndaşlarını konsulluq və mədəniyyət xidmətlərinə çıxışdan məhrum etdi. Berlin səfirliyimiz viza, pasport və notariat işləri ilə bağlı vəzifələri yerinə yetirəcək” deyib.
