ABŞ və İsrail İrana zərbələri noyabrın 3-dən sonra bərpa edə bilər - media
ABŞ və İsrailin noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərindən sonra İrana qarşı yeni hərbi zərbələr endirmək planı hazırladığı bildirilir.
AFN.az xəbər verir ki, “The New York Times” bu barədə mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, plan qısa, lakin intensiv hərbi əməliyyatı nəzərdə tutur. Hücumların İranın nüvə obyektlərinə, enerji infrastrukturuna, raket və pilotsuz uçuş aparatlarının saxlandığı anbarlara yönələ biləcəyi bildirilir. Qəzet, həmçinin Kolanq-Qaz-La dağı altında gizlədildiyi iddia olunan nüvə obyektinin də mümkün hədəflər arasında olduğunu yazır.
Mənbələrin sözlərinə görə, ABŞ rəsmiləri hədəfləri seçərkən İranın neft emalı zavodlarına zərbələr endirilməsindən yayınmağa çalışa bilərlər. Buna səbəb Donald Trampın benzin qiymətlərinin daha da artmasından narahat olmasıdır.
NYT qeyd edir ki, Tramp hələlik aralıq seçkilərdən sonra hərbi əməliyyatları bərpa etmək barədə qərar verməyib. Qəzet oktyabrda hücumların başlanması ehtimalının da az olduğunu yazır.
Nəşrin qiymətləndirməsinə görə, əvvəlki hərbi əməliyyatların yenidən təkrarlanmasının ABŞ və İsrailə daha böyük uğur qazandıracağına şübhə ilə yanaşmaq üçün əsaslar var. Qəzet əvvəlki zərbələrin enerji qiymətlərini və qlobal inflyasiyanı artırdığını, Yaxın Şərqdə təhlükəsizliyi zəiflətdiyini və ABŞ-ın raket əleyhinə müdafiə ehtiyatlarını ciddi şəkildə azaltdığını qeyd edir.
