“Qalatasaray” səfərdə “Lill”i 4:2 hesabı ilə məğlub etdi



UEFA Çempionlar Liqasının III turunda “Qalatasaray” Fransada “Lill”in qonağı olub.

AFN.az xəbər verir ki, altı qolun vurulduğu qarşılaşmada Türkiyə təmsilçisi 4:2 hesabı ilə qalib gələrək turnirdə ilk üç xalını qazanıb.

Gərgin keçən oyunda “Qalatasaray”ın qollarını 2-ci dəqiqədə Yunus Akgün, 44-cü dəqiqədə Aleksey Batrakov, 52-ci dəqiqədə Lukas Torreyra və 61-ci dəqiqədə Viktor Osimhen vurub. “Lill”in heyətində isə Soriba Diaune 7-ci və 39-cu dəqiqələrdə fərqlənib.

Bu nəticədən sonra “Qalatasaray” Çempionlar Liqasında üç xala yüksəlib. “Lill” isə üç turdan sonra hələ də xal qazana bilməyib.

Türkiyə klubu turnirin IV turunda öz meydanında “Ştutqart”ı qəbul edəcək.

UEFA Çempionlar Liqasının III turunda Fransanın “Lill” klubu ilə səfər matçına çıxan “Qalatasaray”ın baş məşqçisi Okan Buruk komandanın son rəsmi oyunundakı start heyəti ilə müqayisədə üç dəyişiklik edib.

Komanda “Pyer Moro” stadionunda keçirilən görüşə Uğurcan Çakır, Roland Sallai, Davinson Sançes, Abdülkerim Bardakcı, İsmail Yakobs, Lukas Torreyra, Qabriel Sara, Yunus Akgün, Aleksey Batrakov, Barış Alper Yılmaz və Viktor Osimhenlə başlayıb.

“Qalatasaray”ın ehtiyat oyunçular skamyasında Günay Güvənç, Jankat Yılmaz, El Şadail Bitşiabu, Leroy Sane, Eren Elmalı, Lesli Uqoçukvu, İlkay Gündoğan, Dəniz Gül, Berat Luş, Renato Nhaqa, Vilfrid Sinqo və Mario Lemina yer alıblar.

Okan Buruk Türkiyə Super Liqasının VIII turunda “Gənclərbirliyi”ni səfərdə 1:0 hesabı ilə məğlub etdikləri oyunun start heyəti ilə müqayisədə üç dəyişiklik edib. Həmin matçda ilk dəqiqələrdən meydana çıxan Sane, Lemina və Eren Elmalı “Lill”lə görüşə ehtiyat oyunçular skamyasında başlayıblar. Onların əvəzinə Torreyra, Yunus Akgün və Yakobs ilk “11-lik”də yer alıblar.

“Qalatasaray”ın təcrübəli müdafiəçisi Abdülkerim Bardakcı bu mövsüm ilk dəfə Çempionlar Liqası matçında meydana çıxıb.

Əvvəlki “Sportinq” və “Barselona” oyunlarında ehtiyatda qalan və meydana çıxmaq şansı qazanmayan futbolçu “Lill”lə qarşılaşmada bu mövsüm turnirdə ilk oyununu keçirib. Həmin iki matçda Abdülkerimin sol mərkəz müdafiəçisi mövqeyində İsmail Yakobs çıxış etmişdi.

“Qalatasaray”ın Fil Dişi Sahilindən olan futbolçusu Vilfrid Sinqo yeddi oyundan sonra komandanın heyətinə daxil edilib.

O, sonuncu dəfə Türkiyə Super Liqasının III turunda “Göztəpə”yə 3:2 hesabı ilə qalib gəldikləri matçda sonradan meydana çıxıb. Sinqo beş liqa və iki Çempionlar Liqası oyunundan sonra “Lill”lə görüşün iştirak ərizəsinə daxil edilib.

“Qalatasaray”ın nigeriyalı ulduzu Viktor Osimhen keçmiş komandası “Lill”ə qarşı ilk dəfə rəsmi matçda meydana çıxıb.

Osimhen 2019–2020-ci illər mövsümündə Fransa klubunda çıxış edib və “Lill”in heyətində keçirdiyi 38 oyunda 18 qol vurub.

“Lill”in türkiyəli qapıçısı Berke Özər 542 gündən sonra ilk dəfə rəsmi matçda “Qalatasaray”a qarşı meydana çıxıb.

Berke sonuncu dəfə 27 aprel 2025-ci ildə “Eyüpspor”un formasında Türkiyə çempionatında “Qalatasaray”a qarşı oynayıb.

“Fənərbağça” və “Eyüpspor”un heyətində “Qalatasaray”a qarşı üç matç keçirən qapıçı bu görüşlərdə bir qələbə, bir heç-heçə və bir məğlubiyyət yaşayıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu