İlon Mask Ukraynanın "Starshield" sisteminə çıxışını məhdudlaşdırıb
“SpaceX” şirkətinin qurucusu İlon Mask Ukraynanın hərbi təyinatlı "Starshield" peyk rabitə sistemindən istifadəsini məhdudlaşdırıb.
AFN.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Mask və ABŞ prezidenti Donald Tramp son həftələr Ukraynanın Rusiyadakı neft emalı zavodlarına endirdiyi zərbələrdən narazılıqlarını ifadə ediblər. Ötən həftə Ukrayna üçün məlumat ötürmə sürətinin azaldılması nəticəsində bir neçə zərbə və ələkeçirici dron faktiki olaraq yararsız vəziyyətə düşüb.
ABŞ rəsmilərinin bir qisminin sözlərinə görə, bu qərarı Mask özü verib və Tramp bununla bağlı heç bir göstəriş verməyib. Lakin nəşrin digər mənbəsi bildirib ki, sahibkar məhdudiyyət tətbiq etməzdən əvvəl ABŞ administrasiyasının bir sıra yüksək vəzifəli nümayəndələri, o cümlədən prezidentlə müzakirələr aparıb.
Nəşrin məlumatına əsasən, rabitə sürətinin azaldılması Kiyevdə ciddi narahatlıq yaradıb.
