Uitkoff Rusiyaya üçtərəfli danışıqlar təklifini təqdim edəcək - media


ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Rusiyaya səfəri zamanı Ukrayna münaqişəsinin həlli üzrə Moskva, Vaşinqton və Kiyev arasında üçtərəfli danışıqların keçirilməsi təklifini müzakirə edəcək.

AFN.az xəbər verir ki, bu barədə "Axios" portalının müxbiri, İsrailin 12-ci telekanalının jurnalisti Barak Ravid mənbələrinə istinadən “X” sosial şəbəkəsində məlumat yayıb.

ABŞ administrasiyasındakı mənbənin sözlərinə görə, məqsəd Ukrayna və Avropa ilə münasibətlərdə əldə olunan irəliləyişi davam etdirmək, təklifləri Rusiya ilə müzakirə etmək və birbaşa üçtərəfli, eləcə də daha geniş çoxtərəfli danışıqlara zəmin yaratmaqdır.

Uitkoffu bu səfərdə ABŞ liderinin kürəkəni Cared Kuşner şəxsən müşayiət etməyəcək. Qripə yoluxan Kuşnerin məsləhətləşmələrdə məsafədən iştirak edəcəyi bildirilir.

Mənbənin məlumatına görə, oktyabrın 20-də Osloda Uitkoff, Ukrayna nümayəndə heyəti və Avropa təmsilçiləri arasında keçirilən məsləhətləşmələrdə hərtərəfli sülh konsepsiyasının bir sıra elementləri müzakirə olunub. Bunlara Ukrayna üçün uzunmüddətli təhlükəsizlik zəmanətləri, münaqişə başa çatdıqdan sonra iqtisadi bərpa planı və davamlı sabitliyi təmin etməyə yönəlmiş daha geniş Avropa təhlükəsizlik arxitekturası daxildir.

ABŞ rəsmisinin sözlərinə görə, Vaşinqton, Kiyev və Avropa arasında növbəti addımlarla bağlı işçi səviyyəsində sıx anlaşma və münaqişənin dayandırılması üçün praktik həllər tapmaq istiqamətində ortaq iradə mövcuddur.

Ravidin həmsöhbəti əlavə edib ki, Ukrayna tərəfi yeni ideya və təkliflər irəli sürüb və bunlar ətraflı müzakirə olunub. Tərəflər Rusiya ilə qarşılıqlı fəaliyyətin əlaqələndirilmiş yanaşma əsasında qurulması və diplomatik prosesin irəlilədilməsi istiqamətində əhəmiyyətli nəticələr əldə ediblər. Mənbə görüşləri məhsuldar və konstruktiv qiymətləndirib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu