Uitkoff və Kuşner bu gün Moskvaya gedəcək


ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və Amerika liderinin kürəkəni Cerad Kuşner 1 dekabrda Ukrayna böhranının həllinə dair danışıqları davam etdirmək üçün Moskvaya yollanacaqlar.

AFN.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən məlumat yayıb.

Noyabrın 30-da Floridada ABŞ və Ukrayna nümayəndələri arasında keçirilən məsləhətləşmələrdə münaqişənin dayandırılması yolları, Ukraynanın iqtisadi və təhlükəsizlik problemlərinin uzunmüddətli həlli, ölkədə seçkilərin keçirilməsi perspektivləri və ərazi məsələsi müzakirə olunub. Təhlükəsizlik zəmanətləri mövzusu da toxunulsa da, nəticə əldə olunmayıb.

Tramp daha əvvəl Uitkoffun qarşıdakı həftə ərzində Rusiyaya səfər edəcəyini təsdiqləmişdi. ABŞ lideri səfərin gələn həftə baş tutacağını bildirib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə qeyd edib ki, Vladimir Putin Uitkoffu 4–5 dekabra qədər, Hindistana dövlət səfərinə yollanmamışdan əvvəl qəbul edəcək.

Florida danışıqlarında ABŞ tərəfini Uitkoff və Kuşnerlə yanaşı, dövlət katibi Marko Rubio təmsil edib. Ukrayna nümayəndə heyətinə isə Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Ümerov və xarici işlər nazirinin birinci müavini Sergey Kislista daxil olub.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu