Romanov sapfirli bilərzik 4,9 milyon dollara satıldı



Bir vaxtlar Rusiya imperator ailəsinin kral zinət əşyaları kolleksiyasına daxil olan nəhəng sapfirin yerləşdirildiyi bilərzik hərracdan əvvəlki qiymət proqnozlarını xeyli üstələyərək təxminən 5 milyon dollara satılıb. 

AFN.az xəbər verir ki, Cartier tərəfindən hazırlanmış brilyant bilərziyə yerləşdirilən 197,80 karatlıq Romanov sapfiri İsveçrənin Cenevrə şəhərində Sotheby's hərrac evi tərəfindən satışa çıxarılıb.

Hərrac evinin çərşənbə günü satdığı zinət əşyasının qeydlərinə görə, yastıq formalı kəsimə malik sapfir Cartier zərgərlik markasının hazırladığı həndəsi dizaynlı brilyant bilərziyə yerləşdirilib.

4,1 milyon İsveçrə frankı (4,9 milyon dollar) təşkil edən satış qiyməti bilərzik üçün əvvəlcədən müəyyənləşdirilmiş 850 min-1,7 milyon İsveçrə frankı (1,02 milyon-2,04 milyon dollar) aralığındakı qiymət proqnozunu xeyli üstələyib.

Hərrac kataloqunda qeyd olunub ki, bu qeyri-adi tarixi sapfir Romanov ailəsinin əfsanəvi kolleksiyasından gəlir. Rusiya çarlarının dillərə dastan olmuş kolleksiyası indiyədək toplanmış ən möhtəşəm və dəyərli kral kolleksiyası hesab olunur.

Rusiyanın son monarx sülaləsi olan Romanovların hakimiyyəti 1917-ci ildə Rusiya inqilabının başlanğıcında çar II Nikolayın taxtdan əl çəkməsi ilə başa çatıb. Növbəti il ailə bolşeviklər tərəfindən edam edilib.

Hərrac qeydlərinə əsasən, Romanovların sapfiri dəqiq nə vaxt əldə etdiyi məlum deyil. Lakin II Nikolayın anası, imperatriça Mariya Fyodorovna 1883-cü ildə qatıldığı balda həyat yoldaşı ilə birlikdə çəkilmiş fotoşəkildə bu daşı ətəyinin ön hissəsində taxıb.

Sotheby's-in açıqlamasına görə, Rusiya inqilabından sonra Romanov kolleksiyası 1920-ci illərdə sovet hakimiyyəti tərəfindən satılıb. Sapfir 1927-ci ildə cəmiyyətin tanınmış simalarından olan Hanna Valska tərəfindən alınıb. Hərrac evinin məlumatına görə, həmin vaxt daş boyunbağıya yerləşdirilmişdi. 1971-ci ildə Valskanın mirasının bir hissəsi kimi satılarkən isə başqa, daha qısa boyunbağıya köçürülmüşdü.

Cartier 2015-ci ildə sapfiri hazırda üzərində olduğu bilərziyə yerləşdirib. Sotheby's-in bildirdiyinə görə, dəyişdirilə bilən qaya kristalı mərkəzi olan bilərzik həm tarixi Romanov sapfirini, həm də Cartier-nin art-deko dövrünə gedib çıxan bənzərsiz sənət irsini ön plana çıxarır.

Romanov zinət əşyaları əvvəlki hərraclarda da ilkin qiymət proqnozlarını xeyli üstələyən məbləğlərə satılıb. 2021-ci ildə sapfir və brilyant broş, eləcə də ona uyğun sırğalar Sotheby's hərracında satışdan əvvəlki ən yüksək qiymət proqnozunun təxminən iki qatına — 806 min 500 İsveçrə frankına (təxminən 883 min 600 dollar) alıcı tapıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu