Avropa Parlamenti süni intellektin istifadəsində insan nəzarətinin gücləndirilməsini istəyir



Avropa Parlamenti (AP) süni intellektdən demokratik proseslərdə və dövlət idarəçiliyində istifadənin insan nəzarəti altında həyata keçirilməsini, bu texnologiyanın siyasi məsuliyyəti əvəz etməməsini və Avropa İttifaqının (Aİ) siyasi dəyərlərinə uyğun olmasını tələb edib. 

AFN.az xəbər verir ki, Brüsseldə keçirilən AP-nin plenar iclasında Aİ qurumlarında və demokratik proseslərdə süni intellektdən istifadəyə dair məcburi hüquqi qüvvəsi olmayan qətnamə 133 səsə qarşı 405 səslə qəbul edilib.

Qətnamədə süni intellektin Aİ-də qanunvericilik fəaliyyətinə dəstək vermək potensialına diqqət çəkilib. Bildirilib ki, bu texnologiya sübutlara əsaslanan siyasətin hazırlanmasına, qanunvericiliyin sadələşdirilməsinə və qiymətləndirilməsinə töhfə verə bilər.

Sənəddə Aİ qurumlarında süni intellektdən istifadənin insan mərkəzli olması və insan nəzarəti altında həyata keçirilməsi zərurəti vurğulanıb. Bu texnologiyanın siyasi məsuliyyəti əvəz etməməli, siyasi qərarların tamamilə avtomatlaşdırılmış sistemlərə həvalə olunmamalı olduğu bildirilib.

Qətnamədə Aİ qurumlarında Avropada hazırlanmış süni intellekt alətlərinə üstünlük verilməsi çağırışı yer alıb. Avropa texnologiyalarının inkişaf etdirilməsinin və süni intellekt dəyər zəncirinin bütün mərhələlərində strateji muxtariyyətin təmin edilməsinin vacibliyi qeyd olunub.

Qlobal təhlükəsizliyə və cəmiyyətə böyük təsir göstərən texnologiyalarla bağlı beynəlxalq razılaşmaya ehtiyac olduğu bildirilən sənəddə Aİ-nin bu prosesdə aparıcı rol oynaması tələb edilib.

Qətnamədə süni intellekt hazırlanarkən qoruyucu mexanizmlərin də nəzərdə tutulmasının vacibliyinə diqqət çəkilib. Bununla yanaşı, həmin tədbirlərin innovasiyaya və rəqabət qabiliyyətinə mane olmamasının əhəmiyyəti vurğulanıb.

Sənəddə süni intellektin siyasi kommunikasiyaya, seçki proseslərinə, ictimai müzakirələrə və qərar qəbuletmə mexanizmlərinə getdikcə daha çox təsir göstərdiyi bildirilib. Parlamentlərin bu texnologiyanın risklərini və yaratdığı imkanları sistemli şəkildə qiymətləndirməsi, Avropa seçki qanunvericiliyinin isə buna uyğun yenidən nəzərdən keçirilməsi çağırışı edilib.

Qətnamədə AP-nin fəaliyyətinə dəstək göstərmək məqsədilə Avropa Parlamenti Süni İntellekt Rəsədxanasının yaradılması təklif olunub.

Digər tərəfdən, Avropada süni intellektin seçki kampaniyalarında, siyasi kommunikasiyada və dövlət idarəçiliyində istifadəsinin genişlənməsi seçicilərin yanıldılması, şəxsi məlumatların qorunması və qərar qəbuletmə proseslərinin şəffaflığı ilə bağlı narahatlıqları artırır.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu