Dünya qlobal istiləşmənin geri dönməz həddini aşmaq təhlükəsi ilə üz-üzədir
Hökumətlərin planetin istiləşməsinə səbəb olan emissiyaların azaldılması istiqamətində uzun müddət ləngiməsi milyardlarla insanı dağıdıcı iqlim təsirlərinə məruz qoyacaq qlobal temperatur hədlərinin geri dönməz şəkildə aşılması təhlükəsini artırır.
AFN.az xəbər verir ki, aparılan təhlilə əsasən, dünya bu təhlükəli həddə doğru irəliləyir.
İqlim Fəaliyyətinin Monitorinqi (CAT) təşkilatının hesabatında müəyyən edilib ki, mövcud siyasətlər davam edərsə, planetdə orta temperatur əsrin sonunadək sənaye dövründən əvvəlki səviyyə ilə müqayisədə 2,7 dərəcə artacaq.
Bu göstərici təşkilatın ötən il apardığı təhlildə irəli sürülən 2,6 dərəcəlik proqnozla müqayisədə cüzi artım deməkdir.
Belə istiləşmə səviyyəsi ölkələrin on il əvvəl razılaşdırdığı, lakin cəmi bir neçə il ərzində aşılması gözlənilən 1,5 dərəcəlik həddi xeyli geridə qoyur.
Alimlər xəbərdarlıq edirlər ki, bu həddin aşılması hazırda da dağıdıcı təsirlərə səbəb olan fırtınaları, quraqlıqları, isti hava dalğalarını, daşqınları və digər iqlim hadisələrini dünyanın bəzi bölgələri üçün dözülməz səviyyəyə çatdıra, eləcə də nəzarət altına alınması mümkün olmayan iqlim dəyişikliyinə səbəb ola bilər.
ABŞ istisna olmaqla, digər ölkələr temperatur hədəfinin yaxınlaşan aşılması məsələsinə diqqət yetirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) iqlim müzakirələri üçün Antalyada bir araya gəlib.
BMT-nin baş katibi Antonio Quterreş çərşənbə axşamı açıqlamasında bildirib ki, bu reallıq hökumətləri iqlim böhranına səbəb olan qalıq yanacaqlardan istifadənin mərhələli şəkildə dayandırılması üçün sürətlə hərəkətə keçməyə sövq etməlidir.
CAT-ın hesabatında qeyd olunub ki, ölkələr emissiyaların azaldılması istiqamətində qətiyyətli addımlar atsalar, gələcək temperatur proqnozları daha az qorxulu ola bilər. Lakin ölkələrin verdiyi bütün öhdəliklərin, hədəflərin və digər uzunmüddətli vədlərin yerinə yetirildiyi ən nikbin ssenaridə belə, əsrin sonunadək dünyada temperatur 1,9 dərəcə artacaq.
Bununla belə, sözügedən hədəflər onları öhdəsinə götürən ölkələr tərəfindən mütəmadi olaraq pozulub. Ekspertlər bildirirlər ki, bu vəziyyət dünya liderlərinin həlledici seçim qarşısında olduğunu göstərir.
CAT-ın tərəfdaş təşkilatı Climate Analytics-in baş icraçı direktoru Bill Hare bildirib ki, hökumətlərin qarşısında qəti seçim dayanır: ya bəşəriyyəti qarşısıalınmaz iqtisadi zərərlərə, həddindən artıq istilər və iqlimlə əlaqəli xəstəliklər səbəbindən artan ölüm hallarına, eləcə də uyğunlaşa bilməyəcəyi fəlakətlərə məhkum edəcək qalıq yanacaq sənayesini dəstəkləməyə davam etmək, ya da artıq mövcud olan və getdikcə daha ucuzlaşan həll yollarına üz tutmaq.
Hare vurğulayıb ki, 1,5 dərəcəlik istiləşmə həddinin aşılması məğlubiyyət əhval-ruhiyyəsinə qapılmaq üçün bəhanə ola bilməz və temperatur artımının hər kiçik mərhələsi böyük əhəmiyyət daşıyır. CAT-ın təhlili öz proqnozlarını hazırlamaq üçün təşkilatın əvvəlki məlumatlarından istifadə edən BMT-nin yaxın zamanda yayımladığı araşdırma ilə də oxşarlıq təşkil edir.
Dünya emissiyaları elmi məlumatlara və ölkələrin öz vədlərinə uyğun şəkildə azaltmaqda uğursuz olsa da, karbon çirklənməsinin bu il cüzi azalacağı gözlənilir. CAT nikbinlik üçün müəyyən əsasların olduğunu da qeyd edib.
Təmiz enerji sahəsinə yatırımlar artıq qalıq yanacaqlara qoyulan investisiyaların iki mislinə çatıb, elektrik avtomobillərindən istifadə sürətlə artır və Braziliyadakı Amazon meşələrinin məhv edilməsi kəskin şəkildə azalıb.
CAT hesabatının əsas müəllifi Sara Hek bildirib ki, hökumətlər yaranmaqda olan istiləşmə həddinin aşılması tələsindən yayınmağa imkan verəcək siyasətləri qəbul etmək üçün kollektiv şəkildə kifayət qədər sürətlə hərəkət etmirlər.
Hek ABŞ, Kanada və Yeni Zelandiya kimi bəzi ölkələrin iqlim sahəsindəki fəaliyyətlərini təəccüblü dərəcədə ləngitdiyini də əlavə edib.

