İran Avropadakı ABŞ hərbi bazalarını vurmaqla hədələdi
İranlı rəsmi ABŞ Prezidenti Donald Trampın ölkəsinə qarşı yeni hücumlara başlaması halında Avropadakı Amerika hərbi bazalarını hədəfə almaqla təhdid edib.
AFN.az xəbər verir ki, İran rəsmisi ABŞ-nin mümkün hücumuna cavab olaraq ölkə xaricindəki hərbi obyektlərin də vurula biləcəyini bildirib.
Iran International-ın məlumatına görə, Livanın paytaxtı Beyrutda fəaliyyət göstərən və Hizbullahla əlaqəli Əl-Məyadin telekanalına danışan İran Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi Amerika təyyarələrinin havaya qalxdığı hər bir bazanın hücum riski altında olduğunu deyib.
Rzayi bildirib ki, amerikalılar səhvə yol verərək İrana hücum etsələr, Tehran özünü yaxınlıqdakı bazalarla məhdudlaşdırmayacaq və hətta Avropa ölkələrindəki bəzi Amerika hərbi bazalarını da hədəfə ala bilər.
BBC-nin məlumatına görə, bu açıqlama ABŞ Prezidenti Donald Trampın İrana qarşı gələcək hücumların çox az ehtimal olunduğunu deməsindən, lakin vəziyyət dəyişərsə, ABŞ-nin ayıq-sayıq və hazır vəziyyətdə qalacağını vurğulamasından sonra verilib.
İran rəsmiləri Trampın açıqlamasına şübhə ilə yanaşsalar da, aralıq seçkilərdə seçicilərin müharibə əleyhinə mövqeyi nəzərə alınaraq, Trampın İranla müharibəni bitirmək məsələsində ciddi ola biləcəyi ehtimal edilir. Yeni seçilmiş bir çox demokrat üzv müharibənin sona çatdırılması üçün səs verəcəyini açıqlayıb. Vitse-prezident Cey Di Vens isə mətbuata açıqlamasında respublikaçıların aralıq seçkilərdə ağır məğlubiyyətinin əsas səbəbinin müharibə olduğuna inandığını bildirib.
Avropadakı hərbi bazalara İranın mümkün hücumları ilə bağlı bu xəbərdarlıq rəsmi mənbədən gəlib. Digər tərəfdən, İranın dəstəklədiyi agentlər olmaqda ittiham edilən üç nəfər Böyük Britaniyada Amerika təyyarələrinin yerləşdiyi və ABŞ hərbçilərinə ev sahibliyi edən RAF Feyrf ord hərbi hava bazasına terror hücumu planlaşdırmaqda ittiham olunaraq ABŞ-də mühakimə edilir. ABŞ bombardmançı təyyarələrini sözügedən bazadan çıxarsa da, İran iddia edilən hücum planı ilə hər hansı əlaqəsinin olmadığını açıqlayıb.
ABŞ-nin Avropada hazırda 31 hərbi bazası var və ölkə Avropalı müttəfiqləri ilə daha 18 bazadan birgə istifadə edir. Avropa Siyasət Təhlili Mərkəzinin məlumatına görə, 2025-ci ilin əvvəlində ABŞ Avropa Komandanlığının (EUCOM) məsuliyyət zonasındakı Amerika hərbçilərinin sayı təxminən 84 min nəfər olub.
ABŞ Hərbi Hava Qüvvələri Böyük Britaniyadakı RAF Leykenhit və RAF Mildenhall bazalarından əməliyyatlar həyata keçirir. Lakin ABŞ silahlı qüvvələri açıqlanmayan təhdidlər səbəbindən noyabrın 10-da RAF Mildenhall bazasından çoxsaylı təyyarələri çıxarıb.
Avropadakı hərbi bazaların bombalanması ilə bağlı təhdid İranın son həftələrdə Tramp administrasiyasına qarşı səsləndirdiyi yeganə ciddi hədə-qorxu deyil. The New York Times qəzetinin məlumatına görə, ABŞ-nin maliyyə naziri Skott Bessent İrandan gələn təhdidlər səbəbindən noyabrın əvvəlində Vaşinqtondakı evini tərk edərək hərbi bazaya köçmək məcburiyyətində qalıb. İrana qarşı sanksiyaların gücləndirilməsi kimi maliyyə təzyiqi tədbirlərinə rəhbərlik edən Bessentə yönələn təhdidlərin nə dərəcədə ciddi olduğu isə hələlik məlum deyil.
