ABŞ İranın qonşularını sərhədləri bağlamağa razı sala bilmədi
Birləşmiş Ştatlar İranla həmsərhəd olan Türkiyə, İraq və Pakistanı bu ölkə ilə quru sərhəd keçid məntəqələrini bağlamağa razı sala bilməyib.
AFN.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri mənbələrinə istinadla məlumat yayıb. Amerikalı diplomatlar dəniz blokadası və aviasiya sanksiyalarından sonra Tehranın son iqtisadi şah damarı sayılan quru marşrutlarını kəsmək üçün həftələrdir cəhd göstərsələr də, nəticə əldə edə bilməyiblər.
İranın qonşuları sərhədlərin bağlanmasının İrandan daha çox onların öz iqtisadiyyatına zərər vuracağından, həmçinin yerli əhali və qaçaqmalçılar arasında iğtişaşlara səbəb olacağından ehtiyat edirlər. Nəticədə Türkiyə sərhəd siyasətini dəyişməkdən imtina edib, İraq və Pakistan isə yalnız bəzi keçid məntəqələrini müvəqqəti bağlamaqla kifayətlənib.
Buna baxmayaraq, noyabrın 8-də ABŞ Prezidenti Donald Tramp "Dəmir darvaza" adlı xüsusi işçi qrupunun yaradıldığını bəyan edib. Yeni qurum İranın quru sərhədləri vasitəsilə müasir silah sistemlərinin, ikili təyinatlı texnologiyaların və sanksiya altındakı materialların tranzitinin qarşısını almaqla məşğul olacaq.


