Britaniyalılar konserv və su ehtiyatı toplayır



Böyük Britaniya hökumətinin mümkün müharibə vəziyyətinə hazırlıqla bağlı çağırışlarından sonra ölkə sakinləri konservləşdirilmiş ərzaq və qablaşdırılmış su alışını artırıblar.

AFN.az xəbər verir ki, bu barədə “European Supermarket Magazine” (ESM) istehlakçı davranışlarını araşdıran “Worldpanel by Numerator” şirkətinin tədqiqatına istinadən məlumat yayıb.

Məlumata görə, hökumətin oktyabrın 22-də “Be Ready” (“Hazır ol”) adlı məlumatlandırma kampaniyasına başlamasından sonrakı 10 gündə zəruri məhsulların satışında ciddi artım qeydə alınıb. Belə ki, əl üçün antiseptik vasitələrin satışı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 83 faiz, qablaşdırılmış suyun satışı 67 faiz, metal və şüşə qablarda olan konservlərin satışı isə 37 faiz artıb.

Ət konservlərinə tələbat da yüksəlib. Oktyabrın 22-dən etibarən bu məhsulları alanların gündəlik sayı 43 faiz artaraq təxminən 400 min əlavə alıcıya çatıb.

Britaniya hakimiyyətinin tövsiyələrinə əsasən, sakinlər fövqəladə hallar üçün evlərində ən azı üç günlük ərzaq və su ehtiyatı saxlamalıdırlar. Həmçinin nağd pul, pasportların surətləri, vacib telefon nömrələri, dərmanlar, portativ enerji doldurma cihazları, radioqəbuledici və fənərlərin hazır vəziyyətdə olması tövsiyə edilir.

Kampaniya hökumətin qarşıdakı üç il ərzində davam etdirməyi planlaşdırdığı, cəmiyyətin fövqəladə vəziyyətlərə davamlılığının artırılmasına yönəlmiş daha geniş təşəbbüsün bir hissəsidir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu