Niderlandda deportasiya gözləyən miqrantlar kifli otaqlarda saxlanılır


Niderlandın Ter-Apel qəsəbəsində deportasiya olunmağı gözləyən miqrantların yerləşdirildiyi mərkəzdə antisanitar və yaşayış üçün yararsız şərait hökm sürür.

AFN.az xəbər verir ki, bu barədə araşdırma aparan “Trouw” qəzeti məlumat yayıb.

Nəşrin jurnalistləri mərkəzin sakinləri və onların hüquqlarını müdafiə edən vəkillərlə söhbət ediblər. Sakinlərin sözlərinə görə, binanın divarlarını kif basıb, havalandırma sistemləri tutulub, santexnika və elektrik xətlərində nasazlıqlar var. Həmçinin döşəmələrin çürüdüyü, duş kabinələrinin sıradan çıxdığı bildirilir. Qəzetin əldə etdiyi təxminən 100 fotoşəkildə də yaşayış yerlərinin acınacaqlı vəziyyəti əks olunub.

Niderlandın Qaçqınların Qəbulu üzrə Mərkəzi Agentliyi (COA) sığınacağın vaxtında təmir edilmədiyini etiraf edib. Qurum bunu Ter-Apeldəki kompleksin uzun müddətdir həddindən artıq yüklənməsi ilə izah edib. Bildirilib ki, digər korpuslarda yer çatmadıqda miqrantlar müvəqqəti olaraq təmir olunmamış otaqlarda yerləşdirilir. COA nümayəndələrinin iddiasına görə, köhnə korpuslarda sakinlər tez-tez dəyişir və bəzən mərkəzin əmlakına özləri zərər vururlar.

Hərəkət azadlığının məhdudlaşdırıldığı mərkəz 235 nəfər üçün nəzərdə tutulub. Deportasiya gözləyən miqrantların burada ölkəni tərk etməyə hazırlaşaraq 12 həftəyədək qalması planlaşdırılır. Lakin “Trouw”un araşdırdığı sənədlərə əsasən, son yeddi ildə hər dörd sakindən biri mərkəzdə müəyyən edilmiş müddətdən artıq saxlanılıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu