Yunanıstan miqrantlar üçün deportasiya mərkəzləri quracaq
Yunanıstan Almaniya, Niderland, Avstriya və Danimarka ilə əməkdaşlıq edərək, sığınacaq müraciəti rədd edilən miqrantlar üçün Avropa İttifaqı (Aİ) xaricindəki ölkələrdə deportasiya mərkəzləri qurmağa hazırlaşır.
Yunanıstanın Miqrasiya naziri Thanos Plevris çərşənbə günü verdiyi açıqlamada bu mərkəzlərin xüsusilə Afrikada qurulmasının planlaşdırıldığını bildirib. Məlumata görə, beş ölkənin nazirləri mövzunu müzakirə etmək üçün bir araya gəlib və texniki qruplar gələn həftə iclas keçirəcək. Plevris layihənin artıq nəzəri mərhələdən praktiki mərhələyə keçdiyini vurğulayıb.
Geri qaytarılma mərkəzləri necə fəaliyyət göstərəcək?
Qurulması planlaşdırılan geri qaytarılma mərkəzləri sığınacaq tələbi rədd edilən və öz ölkələri tərəfindən geri qəbul olunmayan şəxslər üçün nəzərdə tutulub. Plevris bu mərkəzlərin mövcudluğunun sığınacaq alma ehtimalı aşağı olan potensial miqrantlar üçün çəkindirici amil olacağını ifadə edib.
Hələlik hansı ölkələrin bu mərkəzlərə ev sahibliyi edəcəyi dəqiqləşməyib, lakin böyük Avropa dövlətləri birbaşa namizəd ölkələrlə danışıqlar aparacaq. Məqsəd yaxın bir neçə ay ərzində ilkin planın hazır vəziyyətə gətirilməsidir.
Aİ qanunvericiliyinə edilən son dəyişikliklər təhlükəsiz hesab edilən ölkələrdən gələn və ya Aİ-dən kənar bir ölkədə sığınacaq müraciəti edə biləcek miqrantların deportasiya edilməsinə imkan yaradacaq.


