CENTCOM ABŞ-ın İrana yeni hücum hazırlığı ilə bağlı xəbərləri təkzib edib
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İsrail mətbuatında yer alan, Vaşinqtonun İrana qarşı hücumları davam etdirməyə hazırlaşdığı barədə iddiaları tamamilə spekulyasiya adlandıraraq rədd edib.
AFN.az xəbər verir ki, CENTCOM rəsmisi ABŞ-ın İrana qarşı hücumları davam etdirəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
İddiaları tamamilə spekulyasiya kimi qiymətləndirərək təkzib edən rəsmi Yaxın Şərqdəki ABŞ qüvvələrinin mövcud mövqeyində heç bir dəyişiklik olmadığını vurğulayıb.
İsrailin dövlət televiziyası KAN daha əvvəl ABŞ-ın İsrailə İrana qarşı yeni hücumlara hazır olmaq barədə mesaj göndərdiyini iddia etmişdi.
Məlumatda belə bir mesajın yalnız İsrailə deyil, Körfəz ölkələrinə də çatdırıldığı irəli sürülmüşdü. Həmçinin region ölkələrinə göndərildiyi bildirilən mesajların ABŞ Prezidenti Donald Trampın İrana qarşı hücumların yenidən başlanmasına ehtiyac olmadığı barədə son açıqlamaları ilə ziddiyyət təşkil etdiyi qeyd olunmuşdu.
