ABŞ iki RC-135U casus təyyarəsindən birini Yaxın Şərqə göndərib
ABŞ Hərbi Hava Qüvvələrinin arsenalında cəmi iki ədəd olan strateji casus təyyarələrindən birinin son 24 saat ərzində Yaxın Şərqə doğru yola çıxdığı bildirilir.
AFN.az xəbər verir ki, İsrailin dövlət televiziyası KAN-ın məlumatına görə, ABŞ ordusuna məxsus RC-135U Combat Sent tipli casus təyyarənin bölgəyə göndərilməsi İrana qarşı mümkün hərbi hazırlıqların bir hissəsi kimi qiymətləndirilir.
Xəbərdə vurğulanıb ki, düşmən ərazisindəki radar və hava hücumundan müdafiə sistemlərinin yaydığı siqnalları aşkar etmək və təhlil etmək üçün istifadə olunan bu xüsusi təchizatlı casus təyyarələrdən ABŞ-ın arsenalında cəmi iki ədəd var. Onlardan biri son 24 saat ərzində Yaxın Şərqə göndərilib.
İsrail mətbuatında oktyabrın 31-də dərc olunan xəbərlərdə İrana qarşı genişmiqyaslı mümkün hərbi əməliyyata hazırlıq məqsədilə ABŞ ordusunun İsraildə 10 hərbi nəqliyyat təyyarəsi və 80 havada yanacaq doldurma təyyarəsi yerləşdirdiyi bildirilmişdi.
“Wall Street Journal” (WSJ) qəzeti də uçuşların izlənməsi məlumatlarına və rəsmi mənbələrə istinadən yaydığı xəbərdə ABŞ və İsrailin İrana qarşı hücuma hazırlaşdığına dair yeni əlamətlərin olduğunu iddia etmişdi. Qəzet Vaşinqton administrasiyasının raketdən müdafiə imkanlarını gücləndirmək məqsədilə Texasdan İsrailə əlavə “Patriot” batareyası göndərdiyini də yazmışdı.
Digər tərəfdən, ABŞ mətbuatında yer alan iddialara görə, Vaşinqton bəzi Körfəz ölkələrini noyabrın 3-də ABŞ-da keçirilən Konqresə aralıq seçkilərindən sonra qısamüddətli, lakin intensiv toqquşma və ya hücum ehtimalına qarşı hazırlıqlı olmaları barədə xəbərdar etmişdi.
