Almaniyanın Bavariya əyalətinin baş nazir müavini oteldə ölü tapılıb
Almaniyanın Bavariya əyalətinin baş nazir müavini və iqtisadiyyat naziri Hubert Ayvanqerin Berlində qaldığı oteldə ölü tapıldığı bildirilib.
AFN.az xəbər verir ki, Almaniya mətbuatının təhlükəsizlik qurumlarına istinadən yaydığı məlumata görə, Azad Seçicilər (Freie Wähler) Partiyasının sədri də olan 55 yaşlı Ayvanqer Berlində yerləşən Neuer Fritz otelində ölü tapılıb.
Ayvanqerin ölüm səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Ayvanqerin partiyasının Berlindəki paytaxt nümayəndəliyinin açılışında iştirakının gözlənildiyi, lakin özünü yaxşı hiss etmədiyini əsas gətirərək tədbirə qatılmadığı və oteldə qaldığı bildirilib.
2006-cı ildə Azad Seçicilər Partiyasının Bavariya üzrə sədri seçilən Ayvanqer 2010-cu ildə partiyanın federal sədrliyini də öz üzərinə götürüb.
2008-ci ildə ilk dəfə Bavariya Əyalət Məclisinə seçilən Ayvanqer 2018-ci il əyalət seçkilərindən sonra Bavariya İqtisadiyyat, Əyalət İnkişafı və Energetika naziri təyin edilib və əyalətin baş nazir müavini vəzifəsini tutub.
Mühafizəkar siyasi xətti ilə tanınan Ayvanqer xüsusilə Avropa İttifaqının (Aİ) qərarlarına qarşı tənqidi mövqeyi ilə seçilirdi.

