Romaya uçan təyyarə bomba xəbərdarlığına görə Fransadakı hərbi bazaya enib
İrlandiyanın Air Lingus aviaşirkətinə məxsus Romaya uçan təyyarənin bomba xəbərdarlığına görə Fransadakı hərbi bazaya eniş etdiyi bildirilir.
AFN.az xəbər verir ki, BFMTV-nin Baş nazirlik mənbələrinə istinadən yaydığı məlumata görə, Air Lingus aviaşirkətinə məxsus A320 tipli sərnişin təyyarəsi bomba xəbərdarlığı səbəbindən təcili eniş edib.
İrlandiyanın paytaxtı Dublindən İtaliyanın paytaxtı Romaya uçan sərnişin təyyarəsinin Fransanın Normandiya bölgəsində yerləşən Evreux-Fauville Hərbi Hava Bazasına eniş etdiyi bildirilib.
Göyərtəsində 6 ekipaj üzvü və 151 sərnişin olan təyyarənin bazaya təhlükəsiz şəkildə endiyi və hadisə ilə bağlı araşdırmanın davam etdiyi qeyd olunub.
Canlı uçuşları izləyən Flightradar24 saytının məlumatına görə, yerli vaxtla saat 06:25-də Dublindən havaya qalxan təyyarə Fransanın Essonne departamenti üzərində dəfələrlə dövrə vurub. Daha sonra təyyarə şimala və hərbi bazanın yerləşdiyi istiqamətə yönəlib.
Romaya həyata keçirilən uçuşlarla bağlı daha əvvəl də bomba xəbərdarlıqları edilmişdi.
Noyabrın 3-də Portuqaliyanın paytaxtı Lissabondan və İrlandiyanın paytaxtı Dublindən Romadakı Fiumicino Hava Limanına gələn iki sərnişin təyyarəsi ilə bağlı verilən bomba xəbərdarlıqlarının əsassız olduğu məlum olmuşdu.

