Air India təyyarəsi qaçırılma həyəcanından sonra təcili eniş edib
Almaniyanın Frankfurt şəhərindən Hindistana uçan Air India aviaşirkətinə məxsus sərnişin təyyarəsi pilotun mümkün təyyarə qaçırılması ilə bağlı həyəcan siqnalı verdiyi iddiasından sonra təcili eniş edib.
AFN.az xəbər verir ki, “India Today” qəzetinin mənbələrə istinadən yaydığı məlumata görə, Əhmədabad Hava Hərəkətinin İdarəetmə Mərkəzi yerli vaxtla saat 09:00 radələrində AI 2030 reysini yerinə yetirən təyyarədən bir neçə saniyə davam edən fövqəladə vəziyyət siqnalı alıb.
Siqnaldan sonra təhlükəsizlik qurumlarına məlumat verilib. Təyyarənin ilkin təyinat məntəqəsi olan Dehli hava limanındakı böhran idarəetmə mərkəzində aparılan qiymətləndirmədən sonra hava gəmisi ehtiyat tədbiri olaraq Caypur şəhərinə yönləndirilib və təcili eniş edib. Daha sonra təhlükəsizlik yoxlamalarının aparılması üçün hava limanının xüsusi bölməsinə yerləşdirilib.
Hindistan Mülki Aviasiya Baş İdarəsinin (DGCA) hadisə ilə bağlı araşdırmaya başladığı bildirilib. İlkin yoxlamalar zamanı təyyarənin istismarında qeyri-adi vəziyyət aşkarlanmadığı qeyd olunub.
Caypur hava limanını idarə edən Adani Airports şirkətinin açıqlamasında təyyarədəki bütün sərnişinlərin təhlükəsiz olduğu, onların təyyarədən endirilməsinə başlanıldığı və vəziyyətin nəzarət altında saxlanıldığı bildirilib.
Pilotun təyyarənin qaçırılması və ya hava gəmisinə qanunsuz müdaxilə halları barədə hava hərəkətinin idarə edilməsi qurumlarına gizli şəkildə məlumat vermək üçün istifadə olunan beynəlxalq “Squawk 7500” transponder kodunu aktivləşdirdiyi iddia olunur.
Hindistan mətbuatında dərc olunan bəzi xəbərlərdə isə təcili enişin bomba təhlükəsi barədə məlumatdan sonra həyata keçirildiyi bildirilir.

