Şimal axını boru kəmərlərinə təxribatda ittiham olunan keçmiş ukraynalı hərbçinin məhkəməsi başlayıb



Almaniya ilə Rusiya arasında yerləşən Şimal axını 1 və 2 (Nord Stream 1 və 2) qaz boru kəmərlərinə 2022-ci ilin sentyabrında təxribat törətməkdə ittiham olunan keçmiş ukraynalı hərbçi Serhii Kuznietsovun məhkəməsi Hamburqda başlayıb. 

AFN.az xəbər verir ki, Hamburq Ali Əyalət Məhkəməsində keçirilən ilk iclasda ittiham aktı oxunub.

Almaniya mətbuatının məlumatına görə, 50 yaşlı təqsirləndirilən şəxs partlayıcı maddələrdən istifadə etməklə hücum həyata keçirmək, tikililəri dağıtmaq və ictimai müəssisələrin fəaliyyətini pozmaqda ittiham olunur. İttiham aktında Kuznietsovun bu əməlləri Ukrayna ordusunun hərbçisi kimi və dövlət orqanlarının məlumatı daxilində törətdiyi iddia edildiyindən, onların müharibə cinayəti kimi qiymətləndirilməli olduğu bildirilib.

İttiham aktında Ukrayna ordusunun keçmiş zabiti olan Kuznietsovun bir neçə peşəkar dalğıc və gəmi kapitanından ibarət qrupa rəhbərlik etdiyi iddia olunub.

Kuznietsov ifadə verməmək hüququndan istifadə edərək ittihamlara cavab verməyib.

Təqsirləndirilənin vəkilləri çıxışlarında Kuznietsovun bu cinayətlərlə birbaşa əlaqəsini təsdiqləyən heç bir sübutun olmadığını bildiriblər. Onların sözlərinə görə, dörd il davam edən istintaqdan sonra baş prokurorluq yalnız dolayı əlamətlər təqdim edib.

Vəkillər müvəkkillərinin zabit olduğu üçün öz ölkəsi qarşısında məxfilik öhdəliyi daşıdığını qeyd ediblər.

Müdafiə tərəfi müvəkkilinin müharibə cinayəti törətməsi ilə bağlı ittihamı rədd edib və onun sabotajda əsas rol oynadığı iddiasının da sübuta yetirilmədiyini bildirib.

Vəkillər Kuznietsovun İtaliyadan Almaniyaya ekstradisiyasının hüquqi əsasının olmadığını da müdafiə ediblər. Onların iddiasına görə, İtaliya rəsmiləri təqsirləndirilən şəxsə qarşı müharibə cinayəti ittihamından xəbərdar olmadan onun ekstradisiyası barədə qərar veriblər.

Müdafiəçilər Kuznietsovun şahmat taxtasındakı piyada kimi istifadə edildiyini bildirərək onun özünü əlləri bağlı vəziyyətdə müdafiə etməyə məcbur qaldığını vurğulayıblar.

Vəkillər müvəkkillərinin saxlanma şəraitini də tənqid ediblər. Onların sözlərinə görə, Kuznietsov təxminən 11 aydır əsasən kamerada saxlanılır və demək olar ki, sosial əlaqələrdən məhrumdur.

Müdafiə tərəfi məhkəmədən işə xitam verilməsini istəyib.

İlk məhkəmə iclası başa çatdıqdan sonra proses oktyabrın 27-dək təxirə salınıb.

Kuznietsov Almaniya Federal Prokurorluğunun verdiyi həbs qərarı əsasında 2025-ci il avqustun 21-də İtaliyanın şimalındakı Rimini şəhəri yaxınlığında saxlanılıb.

Bolonya Məhkəməsi sentyabrda Kuznietsovun Almaniyaya ekstradisiyasına qərar verib. Lakin müdafiə tərəfinin etirazından sonra İtaliya Ali Məhkəməsi oktyabrda bu qərarı ləğv edib.

Ali Məhkəmənin geri qaytardığı işə yenidən baxan Bolonya Məhkəməsi 2025-ci il oktyabrın 27-də Kuznietsovun Almaniyaya ekstradisiyası barədə yenidən qərar qəbul edib. İtaliya Ali Məhkəməsi isə həmin qərarı 2025-ci il noyabrın 20-də təsdiqləyib.

2025-ci il noyabrın 27-də İtaliya rəsmiləri tərəfindən Almaniya polisinə təhvil verilən Kuznietsov helikopterlə Almaniya polisinin müşayiəti altında ölkəyə gətirilib və həbs olunub.

Kuznietsovun 2022-ci ilin sentyabrında Danimarkanın Bornholm adası yaxınlığında Şimal axını 1 və Şimal axını 2 təbii qaz boru kəmərlərinə partlayıcı maddələr yerləşdirən qrupun əməliyyat koordinatorlarından biri olduğu iddia edilir.

Şübhəlinin və əlbir olduğu şəxslərin yelkənli yaxtadan istifadə edərək təxribat həyata keçirdikləri və 2022-ci il sentyabrın 26-da partlayıcı maddələrlə hər iki boru kəmərinə ciddi ziyan vurduqları irəli sürülür.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu