Lancet: Nüvə müharibəsi və süni intellekt bəşəriyyətin sonuna səbəb ola bilər



Lancet Komissiyasının hazırladığı yeni qlobal risk hesabatında nüvə münaqişəsi və süni intellektdən zərərli məqsədlərlə istifadənin 2100-cü ilədək bəşəriyyətin nəslinin tükənməsinə səbəb ola biləcəyi bildirilib. 

AFN.az xəbər verir ki, hesabatda dünya miqyasında insanların sağlamlığını və ömür uzunluğunu təhdid edən 17 əsas risk qiymətləndirilib.

Almaniyanın Berlin şəhərində keçirilən Dünya Sağlamlıq Sammitində ictimaiyyətə təqdim olunan genişmiqyaslı araşdırma 35 mütəxəssisin üç illik işi əsasında hazırlanıb. Hesabatda təhlükələrin miqyasına diqqət çəkilməklə yanaşı, onların hər biri üçün real həll yollarının mövcud olduğu vurğulanıb.

Araşdırmada nüvə müharibəsi və süni intellektdən zərərli məqsədlərlə istifadə ehtimalı aşağı, lakin nəticələri son dərəcə dağıdıcı olan risklər kimi ön plana çıxarılıb. Nüvə münaqişələrinin atmosferi örtərək qıtlığa səbəb ola biləcəyi, süni intellekt vasitəsilə hazırlanmış bioloji silahların isə bəşəriyyət üçün misli görünməmiş fəlakət yarada biləcəyi qeyd olunub. Mütəxəssislər bu risklərin qiyamət ssenarilərinə gətirib çıxarma potensialına malik olduğunu bildiriblər.

Siyahıda yer alan digər əsas təhdidlər arasında havanın çirklənməsi, antimikrob dərmanlara qarşı davamlılıq, uşaqlarda qidalanma çatışmazlığı, iqlim böhranı, ənənəvi münaqişələr və xarici yardımların azaldılması var. Yüksək gəlirli regionlarda piylənmə və psixi sağlamlıq problemləri, aşağı gəlirli bölgələrdə isə təhsil səviyyəsinin aşağı olması sağlamlıq üçün başlıca təhlükələr kimi qeydə alınıb.

Son illərdə ABŞ və Britaniya da daxil olmaqla bir sıra zəngin ölkələrin xarici yardım büdcələrini azaltması qlobal sağlamlıq üçün risk yaradır. Beynəlxalq səhiyyə yardımlarının azalması və ya tamamilə dayanması halında 2100-cü ilədək milyardlarla sağlam həyat ilinin itirilə biləcəyi hesablanıb. Bu itkilərin təxminən 70 faizinin Saharadan cənubda yerləşən Afrikada qeydə alınacağı proqnozlaşdırılır.

Həmin region eyni zamanda uşaqlarda qidalanma çatışmazlığı böhranından ən çox təsirlənən ərazilər sırasındadır.

Komissiya üzvləri hesabatın insanları qorxutmaq üçün deyil, dünya liderlərini indidən tədbir görməyə təşviq etmək məqsədi daşıdığını bildiriblər. İqlim böhranı çərçivəsində temperatur artımının məhdudlaşdırılması və texnoloji yeniliklərə investisiya yatırılması kimi addımlarla milyardlarla sağlam həyat ilinin xilas edilə biləcəyi qeyd olunub.

Mütəxəssislər hökumətlərin riskləri qabaqcadan qiymətləndirmək, onların qarşısını almaq və hazırlıq tədbirlərini həyata keçirmək üçün büdcə ayırmasının vacibliyini vurğulayıblar.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu