Ər-Riyadda hücum xəbərdarlığından sonra partlayış səsləri eşidilib
Yəməndə fəaliyyət göstərən və İran tərəfindən dəstəklənən husilərin hədəf aldığı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda hücum xəbərdarlığından sonra partlayış səsləri eşidilib.
AFN.az xəbər verir ki, şəhərdə erkən xəbərdarlıq sistemi işə salınıb və sakinlərə təhlükəsizlik təlimatları göndərilib.
Səudiyyə Ərəbistanı Mülki Müdafiə İdarəsinin ABŞ-da yerləşən X sosial şəbəkəsindəki hesabından yayılan açıqlamada erkən xəbərdarlıq sisteminin paytaxtın bütün ərazisində aktivləşdirildiyi bildirilib. Qurum sakinlərin xəbərdarlıq zamanı əməl etməli olduqları təhlükəsizlik qaydalarını əks etdirən məlumatlandırma mesajı da paylaşıb.
Şahidlərin məlumatına görə, xəbərdarlıqdan sonra Ər-Riyadda dörd partlayış səsi eşidilib.
Mülki Müdafiə İdarəsi qısa müddət sonra yaydığı növbəti açıqlamada təhlükənin sovuşduğunu bildirib.
Ər-Riyadda mobil telefon istifadəçilərinə təhlükənin keçdiyi barədə ikinci bildiriş göndərilib. Bildirişdə sakinlərə mümkün zərbə yerlərindən uzaq durmaq və ətrafda rastlaşdıqları naməlum əşyalara yaxınlaşmamaq barədə xəbərdarlıq edilib.
Yəməndə fəaliyyət göstərən və İran tərəfindən dəstəklənən husilər son dövrlərdə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada və ölkənin bir sıra digər bölgələrinə ballistik raketlər və pilotsuz uçuş aparatları ilə hücumlar təşkil edirlər.
