Rusiya Kiyevdəki 4 saylı istilik elektrik stansiyasına hücum edib



Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ordusunun bu gecə Kiyevdəki 4 saylı istilik elektrik stansiyasını (CHP-4) hədəf aldığını bildirib.

AFN.az xəbər verir ki, hücumlar nəticəsində enerji və kritik infrastruktur obyektlərinə ziyan dəyib, yüz minlərlə insan elektrik enerjisiz qalıb.

Zelenski sosial şəbəkə hesabında paylaşım edərək Rusiyanın ölkəsinə qarşı davam etdirdiyi hava hücumları barədə məlumat verib.

Paytaxt Kiyevin ballistik raketlərlə hədəf alındığını bildirən Zelenski müttəfiqlərin bu hava hücumu barədə Ukraynanı yenidən xəbərdar etmədiyini qeyd edib.

Zelenski paytaxtdakı 4 saylı istilik elektrik stansiyasına (CHP-4) hücum edildiyini vurğulayıb.

ABŞ Prezidenti Donald Trampın üç gün əvvəl Ukrayna ilə Rusiya arasında enerji infrastrukturuna hücumların dayandırılması ilə bağlı atəşkəs əldə edildiyini açıqlamasını xatırladan Zelenski Rusiyanın ABŞ prezidentinin dediklərinə əməl etməyi zəruri hesab etmədiyini bildirib.

Zelenski digər paylaşımında Rusiya ordusunun bu gecə Ukraynaya 39 ballistik raket və 120-dən çox pilotsuz uçuş aparatı (PUA) buraxdığını bildirib.

Əsasən Kiyev və Xarkov bölgələrindəki enerji və kritik infrastrukturun hədəf alındığını qeyd edən Zelenski Rusiyanın ABŞ-a qarşı nümayiş etdirdiyi bu açıq hörmətsizliyin miqyasının əvvəllər görünmədiyini vurğulayıb.

Zelenski ölkəsində elektrik enerjisi, təbii qaz və neft obyektlərinin 26 məntəqəsində zərər yarandığını bildirib. Onun sözlərinə görə, hazırda ən azı 600 min insan elektrik enerjisiz qalıb və daha genişmiqyaslı fasilələr də mümkündür.

ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməli olduğunu müdafiə edən Zelenski Rusiyanın gərginliyi azaltmaq fürsətini əldən verdiyini və açıq şəkildə ağlasığmaz dağıdıcı müharibəni davam etdirməyi seçdiyini bildirib.

Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin (DSNS) yazılı açıqlamasında Kiyevə edilən hücum nəticəsində 3 nəfərin öldüyü, 21 nəfərin yaralandığı bildirilib.

Açıqlamada Rusiya ordusunun bu gecə Dnipro şəhərini də hədəf aldığı qeyd olunub. Hücum nəticəsində 2 mülki şəxsin həyatını itirdiyi, 6 nəfərin isə yaralandığı bildirilib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu