NASA-nın Perseverance aparatı Marsda planetdənkənar məsafə rekordu qırıb
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) robotlaşdırılmış Perseverance kəşfiyyat aparatı 2021-ci ildə Marsa çatdıqdan sonra 45,22 kilometr məsafə qət edərək başqa bir planetin səthində hər hansı aparatın indiyədək qət etdiyi ən uzun məsafə rekorduna imza atıb.
AFN.az xəbər verir ki, NASA-nın açıqlamasına əsasən, altı təkərli aparat əvvəlki rekordu geridə qoyub.
NASA avtomobil ölçüsündə olan Perseverance aparatının Marsdakı missiyası ilə bağlı yeni məlumat yayıb. Bildirilib ki, aparat 2021-ci ildən bəri Mars səthində 45,22 kilometr yol qət edib və bununla da Yer kürəsindən kənarda hər hansı planetin səthində əldə edilən ən uzun məsafə rekordunu yeniləyib.
Perseverance 2004-cü ildən 2018-ci ilədək Marsda fəaliyyət göstərmiş Opportunity aparatının 45,16 kilometrlik rekordunu geridə qoyub.
Missiyasının 2006-cı günündə məsafə rekordu müəyyən edən Perseverance-ın Opportunity aparatının təxminən 15 ilə qət etdiyi məsafəni 5,5 ilə keçdiyi qeyd olunub.
Perseverance layihəsinin meneceri Stiven Li bildirib ki, missiya çərçivəsində əvvəlcə maksimum 12,4 mil (19,96 kilometr) məsafə qət edilməsi nəzərdə tutulmuşdu.
O qeyd edib ki, aparat bu həddi xeyli keçib və bütün hərəkət sistemlərinin tam işlək vəziyyətdə olması, eləcə də uzunmüddətli yer sınaqlarının müsbət nəticələri Perseverance-ın qarşıdakı illərdə rekordu daha da yaxşılaşdıracağına ümid yaradır.
Perseverance-ın Yezero kraterinin kənarında apardığı tədqiqatların 2028-ci ilin sonunadək davam edəcəyi bildirilir.

