"Perseverance" Mars qayalarında mürəkkəb üzvü birləşmələr aşkar edib
NASA-nın Marsdakı tədqiqat aparatı "Perseverance" keçmişdə mikrobial həyat ehtiva etmə potensialı ilə diqqət çəkən Cezero kraterindəki süxurlarda mürəkkəb üzvü karbon molekulları müəyyən edib.
AFN.az xəbər verir ki, kəşfiyyat aparatının SHERLOC (Scanning Habitable Environments with Raman & Luminescence for Organics & Chemicals) adlı cihazından istifadə edən tədqiqatçılar qədim çay yatağı olan Neretva Vallis boyunca uzanan "Bright Angel" qaya formasiyasındakı gil süxurlarında makromolekulyar karbon (MMC) aşkar ediblər.
Elmi nəticələri "Science Advances" jurnalında dərc olunan araşdırma Mars səthində ilk dəfə qaya bütövlüyü pozulmadan, qazma işi aparılmamış təbii bir qaya səthində bu dərəcədə mürəkkəb üzvü karbonun müəyyən edildiyini ortaya qoyub.
Sözügedən makromolekulyar karbon kraterin delta bölgəsini qidalandıran çay kanalındakı iki fərqli süxurda müşahidə edilib.
Bu süxurlardan biri, üzərində mikrobial fəaliyyətlərlə əlaqələndirilə bilən bəbir bənzəri ləkələr ehtiva edən və daha əvvəl də elm dünyasında müzakirələrə yol açan "Cheyava Falls" gil süxuru olub.
Kəşf edilən mürəkkəb birləşmələr karbonat, sulfat və fosfat kimi canlılığın təməl struktur daşlarını təşkil edən ünsürləri dəstəkləyən bir quruluş təqdim edir.
NASA-nın Reaktiv Hərəkət Laboratoriyasından (JPL) astrobioloq Kayl Ukert "Cheyava Falls" qayasının təmizlənmiş, lakin üzərində əlavə emal aparılmamış səthində müəyyən edilən makromolekulyar karbonun, Mars səthində indiyə qədər qeydə alınan ən dayaz üzvü maddə tapıntısı olduğunu bildirib.
Ukert bu vəziyyətin üzvü maddələrin səthdə nisbətən yaxın zamanlarda üzə çıxdığını və ya fotomühafizə xüsusiyyətlərinə malik minerallar tərəfindən radiasiyadan qorunduğunu göstərdiyini ifadə edib.
Cezero kraterində tapılan bu üzvü tərkibli gil süxurlarının daha əvvəl "Curiosity" tədqiqat aparatının Qeyl kraterində müəyyən etdiyi üzvü strukturlardan təxminən 3500 kilometr uzaqlıqda yerləşməsi alimləri həyəcanlandırır.
Bu vəziyyət milyardlarla il əvvəl Mars miqyasında həyat üçün zəruri olan şərtlərin və üzvü materialların planet ümumisində geniş şəkildə mövcud ola biləcəyinə işarə edir.
Tədqiqat qrupu nümunələrin spektral xüsusiyyətlərini Yerdəki meteorit və quru nümunələri ilə müqayisə edib.
ABŞ-dəki Planet Elmləri İnstitutundan geoloq Dr. Eşli Mörfi incələnən makromolekulyar karbonun amorf karbon strukturunda olduğunu təsdiqləyib.
Mörfi bu karbon növünün mikrobial örtüklər və kömür kimi bioloji mənbələrdən qaynaqlana biləcəyi kimi, meteoritlər və hidrotermal süxurlar kimi bioloji olmayan (abiotik) proseslərdən də yarana biləcəyini, bu səbəbdən mövcud məlumatlarla dəqiq bir mənbə ayrımı edə bilmədiklərini vurğulayıb.
"Perseverance" kəşfiyyat aparatının üzərindəki avadanlıqlar üzvü birləşmələrin tam olaraq bioloji bir prosesdən, yoxsa vulkanik, elektrokimyəvi və hidrotermal reaksiyalar kimi abiotik təsirlərdən qaynaqlandığını ayırd edəcək həssaslığa malik deyil.
Bu səbəbdən ekspertlər bu tapıntıların Marsda qədim həyatın qəti sübutu kimi təqdim edilə bilməyəcəyinin altını cızırlar.
Üzvü birləşmələrin mənşəyinin tam olaraq müəyyənləşdirilməsi, yalnız bu nümunələrin Yer kürəsinə gətirilərək qabaqcıl laboratoriya mühitində analiz edilməsi ilə mümkün olacaq.
"Perseverance" bu məqsəd istiqamətində incələnən bölgədən götürülən "Sapphire Canyon" adlı qaya nüvəsi də daxil olmaqla, ümumilikdə 30 nümunəni gələcəkdə Yerə çatdırılması planlaşdırılan missiyalar üçün öz yaddaşında saxlamağa davam edir.

