Antonio Koşta: Avropanın təhlükəsizliyi Ukraynanın təhlükəsizliyindən keçir



Avropa İttifaqı (Aİ) Rusiyanın Ukraynaya qarşı müharibəsinin başa çatdırılması ilə bağlı danışıqlarda atəşkəsə, Qara dənizdə sərbəst gəmiçiliyin təmin olunmasına və sülh sazişi üçün zəruri şəraitin yaradılmasına üstünlük verir. 

AFN.az xəbər verir ki, Aİ Şurasının rəhbəri Antonio Koşta Avropanın təhlükəsizliyinin Ukraynanın təhlükəsizliyi ilə birbaşa bağlı olduğunu bildirərək, Kiyevə dəstəyi davam etdirəcəklərini deyib.

Koşta İrlandiyanın paytaxtı Dublində keçirilən Avropa Siyasi Birliyinin (ASB) 9-cu Zirvə toplantısından sonra təşkil olunan mətbuat konfransında sammitin əsas mövzusunun Ukraynada ədalətli və davamlı sülhün təmin olunması yollarının axtarışı olduğunu bildirib.

Avropanın danışıqlardakı prioritetlərinin atəşkəs, Qara dənizdə sərbəst gəmiçiliyin təmin edilməsi və sülh sazişi üçün zəruri şəraitin yaradılması olduğunu deyən Koşta Rusiyanın sülhə hazır olduğuna dair heç bir işarə vermədiyini iddia edib.

Koşta Rusiya-Ukrayna müharibəsinə son qoyulması üçün diplomatik səylərin artırıldığını qeyd edərək, Avropada təhlükəsizliyin yenidən təmin olunmasına imkan verəcək sülhün aydın prinsiplərə əsaslanmalı olduğunu vurğulayıb.

O, Ukraynanın öz gələcəyini sərbəst şəkildə seçə bilməsinin, qitənin təhlükəsizliyinin gələcəyi ilə bağlı məsələlərdə Avropanın danışıqlar masasında yer almasının və Avropanın təhlükəsizlik arxitekturasının 1975-ci il Helsinki Yekun Aktında qeyd olunan prinsiplərə əsaslanmasının vacibliyini bildirib. Koşta Avropanın təhlükəsizliyinin Ukraynanın təhlükəsizliyindən keçdiyinin açıq olduğunu və Kiyevə dəstəyi davam etdirəcəklərini deyib.

Danışıqlarda Avropanı kimin təmsil etməli olduğu ilə bağlı suala cavab verən Koşta müxtəlif məsələlər üzrə Avropa adından danışıqlar aparmaq üçün uyğun şəxslərin olduğunu söyləyib.

O, ərazi məsələsində Ukraynanın, ölkənin İttifaqa üzvlüyü kimi mövzularda Aİ-nin, təhlükəsizlik təminatları ilə bağlı isə Könüllülər Koalisiyasına daxil olan ölkələrin danışmasının normal olduğunu bildirib. Koşta danışıqlara başlamağa hazır olduqlarını da qeyd edib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu