Piylənmə diaqnozunda yeni ölçmə üsulları tətbiq ediləcək



Mütəxəssislər bədən kütləsi indeksinin (BKİ) piylənmə diaqnozu qoymaq üçün təkbaşına yetərli olmadığını, yeni ölçmə üsullarının yanlış diaqnozların qarşısını ala biləcəyini bildirirlər. 

AFN.az xəbər verir ki, aparılan araşdırma yalnız BKİ ölçümünə əsaslanıldıqda artıq bədən yağı olan insanların 5-9 faizinə piylənmə diaqnozu qoyulmadığını, sağlam insanların isə 3 faizə qədərinin səhvən piylənmədən əziyyət çəkən şəxs kimi təsnif edildiyini ortaya qoyub.

Londonun Kinqs Kollecinin metabolizm və piylənmə cərrahiyyəsi üzrə professoru Fransisko Rubino yanlış təsnifatın dünya miqyasında on milyonlarla insana təsir göstərə biləcəyini bildirib. Onun sözlərinə görə, bu səbəbdən BKİ həm fərdi, həm də ictimai səviyyədə ciddi problem yaradır.

Rubino və həmkarları yeni diaqnostika yanaşmasını qiymətləndirmək üçün İngiltərə, ABŞ, Çin və İspaniyada yaşayan 800 mindən çox insanın tibbi qeydlərini araşdırıblar. Tədqiqatçılar həmin şəxslərin sağlamlıq vəziyyətini 15 ilədək izləyiblər.

Ötən il “Lancet” Komissiyası tərəfindən təklif edilən yeni yanaşmada BKİ ilə yanaşı, bel çevrəsi və bel-boy nisbəti kimi göstəricilər də nəzərə alınır. Yeni təsnifata əsasən, BKİ göstəricisi 40-dan yuxarı olan şəxslər birbaşa piylənmədən əziyyət çəkənlər hesab edilir. Daha aşağı BKİ göstəricilərində isə bədəndəki yağlanma səviyyəsini müəyyənləşdirmək üçün bel çevrəsi və bel-boy nisbəti kimi ölçülərdən istifadə olunur.

Əksər ölkələrdə bel çevrəsinin kişilərdə 102 santimetrdən, qadınlarda isə 88 santimetrdən çox olması yüksək göstərici hesab edilir. Bel-boy nisbətində isə təxminən 0,57 və daha yüksək nəticələr nəzərə alınır.

Yeni yanaşmaya əsasən, piylənmə klinik və kliniköncəsi olmaqla iki ayrı kateqoriyada qiymətləndirilir. Klinik piylənmə artıq bədən yağının orqanların fəaliyyətini pozduğu və aktiv xəstəlik mənzərəsinin yarandığı vəziyyəti ifadə edir. Kliniköncəsi piylənmədə isə artıq yağlanma sağlamlıq üçün risk yaratsa da, hələ orqanların funksiyalarında pozuntuya səbəb olmur.

Araşdırmada kliniköncəsi piylənməsi olan şəxslərin 80-90 faizində növbəti 10 il ərzində klinik piylənmənin inkişaf etmədiyi müəyyənləşdirilib. Alimlər eyni BKİ göstəricisinə malik insanların sağlamlıq vəziyyətinin bir-birindən əhəmiyyətli dərəcədə fərqlənə biləcəyinə diqqət çəkiblər.

Məsələn, BKİ göstəricisi 32 olan üç nəfərdən biri artıq bədən yağına malik olmadan sağlam ola bilər. Digər şəxs orqanlarının fəaliyyətində pozuntu yaranmadan artıq yağ daşıya bilər. Üçüncü şəxs isə artıq yağlanmanın səbəb olduğu orqan funksiyası pozuntusuna görə klinik piylənmə diaqnozu ala bilər.

Tədqiqatçılar yeni metodun diaqnostika prosesini tibb işçiləri üçün daha mürəkkəb edə biləcəyini, lakin müalicənin hər bir şəxsə uyğun planlaşdırılmasına töhfə verəcəyini bildiriblər. Bu yanaşmanın həyat tərzi dəyişikliklərindən GLP-1 qrupuna aid arıqlama dərmanlarına və cərrahi müdaxilələrə qədər müxtəlif müalicə variantlarının daha düzgün seçilməsinə imkan yarada biləcəyi qeyd olunub.

Rubino yeni diaqnostika metodunun klinik praktikada tətbiqini qətiyyətlə dəstəklədiyini bildirərək, bunun müalicələrin təhlükəsizliyini və effektivliyini artıra biləcəyini vurğulayıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu