Həddindən artıq duz istehlakı piylənmə riskini 330 faizdən çox artıra bilər

Avropa Piylənmə Araşdırmaları Birliyinin apardığı yeni araşdırmaya görə, gündəlik həyatda tez-tez istehlak edilən qidalardan yüksək miqdarda natrium, xüsusilə də qadınlarda ümumi və qarın bölgəsində piylənmə riskini əhəmiyyətli dərəcədə artırır.
Avropa Piylənmə Konqresində (ECO 2025) təqdim olunacaq araşdırma duz istehlakı ilə piylənmə arasında güclü əlaqəyə diqqət çəkib.
Tədqiqat Finlandiya Sağlamlıq və Rifah İnstitutundan Annika Santalahti və onun komandası tərəfindən aparılıb.
Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) görə, piylənmə bədən kütləsi indeksinin (BKİ) 30 kq/m² və yuxarı olması kimi müəyyən edilir.
Abdominal piylənmə daxili orqanlar ətrafında həddindən artıq yağ yığılması ilə ölçülür və daha çox ürək-damar xəstəlikləri riski daşıyır.
Finlandiyada natrium istehlakı 1970-ci illərdəki pik səviyyələrdən sonra azalsa da, 2007-ci ildən bu yana sabit qalır.
Mütəxəssislər yüksək natrium qəbulunu təkcə qeyri-sağlam qidalardan deyil, həm də işlənmiş ət məhsulları, çörək və pendir kimi gündəlik istehlak edilən qidalardan qaynaqlandığını bildirirlər.
Tədqiqat qrupu fərdi tədbirlərin kifayət etmədiyini və sosial səviyyədə dəyişikliklərin yalnız qida sənayesi ilə əməkdaşlıqda mümkün olduğunu bildirir.
Milli FinHealth 2017 araşdırması çərçivəsində əldə edilən məlumatlara görə, gündəlik duz istehlakı qadınlarda ÜST-nin tövsiyə etdiyi 5 qramlıq gündəlik limitin iki qatını, kişilərdə isə üç qatını keçib.
Statistik modelləşdirmə ilə dəstəklənən araşdırmalara görə, ən yüksək natrium istehlakı qrupunda olan qadınlarda ən aşağı qrupdakı qadınlarla müqayisədə ümumi piylənmə riski 4,3 dəfə, qarın boşluğunda piylənmə riski isə 3,4 dəfə yüksəkdir.
Sidik nümunələrindən alınan natrium dəyərləri oxşar nəticələr verib.
Kişilərdə sidik nümunələrinə əsaslanan qiymətləndirmədə ən yüksək natrium qrupundakı fərdlərin ümumi piylənmə riskinin 6 dəfə, qarın piylənmə riskinin isə 4,7 dəfə artdığı müəyyən edilib.
Mütəxəssislərin fikrincə, bu tapıntılar yüksək duz istehlakının toxluq hormonlarına təsir göstərə biləcəyini və bağırsaq mikrobiomunda və bədən quruluşunda bioloji dəyişikliklərə səbəb ola biləcəyini göstərir.
Həmçinin qeyd edilir ki, yüksək natrium qəbulu tez-tez işlənmiş qidaların həddindən artıq istehlakını əks etdirir.
Tədqiqat qrupu bu əlaqənin bioloji mexanizmlərinin daha çox araşdırılması lazım olduğunu vurğulasa da, qida sənayesinin natrium səviyyəsinin azaldılmasında əsas rol oynaya biləcəyini də bildirir.
“Gündəlik istehlak edilən qidaların nə qədər duzlu olduğuna diqqət yetirmək lazımdır” deyən tədqiqatçılar, piylənmə ilə mübarizədə təkcə fərdi məlumatlandırmanın deyil, qida siyasətində köklü dəyişikliklərin də vacib olduğunu qeyd edirlər.