Censen Huang Nvidia rəhbərliyindən istefa verdi: Şirkətə müvəqqəti CEO təyin olundu
Nvidia şirkətinin baş direktoru Censen Huang ətrafında yaranan qalmaqaldan sonra vəzifəsindən istefa verib.
AFN.az xəbər verir ki, şirkətin maliyyə direktoru Kolet Kress müvəqqəti baş direktor vəzifəsinə təyin edilib. Huangın nikahdankənar münasibətini etiraf etməsi və münasibətdə olduğu iddia edilən Elis Huangın Çin kəşfiyyatı ilə əlaqələrinin olması barədə iddialar şirkətdə müstəqil araşdırmanın başlanmasına səbəb olub.
Censen Huangın Sinqapurda yerləşən Megaspeed məlumat mərkəzinin rəhbəri və ABŞ kəşfiyyatının Çin agenti olmasından şübhələndiyi Elis Huangla yaxın münasibəti milli təhlükəsizliklə bağlı narahatlıqlar yaradıb.
Çərşənbə günü “The New York Times” qəzetində yayımlanan xəbərlərdə Huangın öz şirkətində çalışan və ona birbaşa tabe olan daha bir yüksək vəzifəli rəhbərlə də münasibət yaşadığı iddia edilib.
Megaspeed şirkəti açıqlamasında ABŞ-ın ixrac nəzarəti qanunlarına riayət etmək öhdəliklərinə son dərəcə ciddi yanaşdığını və ABŞ hökuməti ilə tam şəffaf şəkildə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.
Baş verən hadisələrdən sonra dünyanın ən dəyərli şirkətləri sırasında yer alan Nvidianın səhmləri cümə axşamı birja açılmazdan əvvəl təxminən 10 faiz ucuzlaşıb.
Şirkət rəhbərliyi milli təhlükəsizliyə və ya Nvidia-nın kommersiya sirlərinə təhlükə yarada biləcək hər hansı faktın aşkarlanmadığını, lakin araşdırma çərçivəsində bütün iddiaların diqqətlə nəzərdən keçiriləcəyini açıqlayıb.
Qalmaqalın mərkəzində yer alan Megaspeed daha əvvəl Nvidia-nın qabaqcıl çiplərinin tədarükü ilə bağlı iddialarla üzləşib. Şirkət ABŞ Ticarət Nazirliyinin Sənaye və Təhlükəsizlik Bürosu ilə əməkdaşlıq etdiyini, həmçinin çip inventarını yoxlamaq üçün ABŞ-da fəaliyyət göstərən hüquq şirkəti ilə müqavilə bağladığını bildirib.
Şirkətin maliyyə göstəriciləri də diqqət çəkib. Məlumata görə, onun ümumi aktivləri 2023-cü ilin sonundan 2024-cü ilədək təxminən 90 dəfə artaraq 3 milyard dollara çatıb.
