Ağ Ev nazirlərin ictimai açıqlamalarına nəzarəti yumşaldacaq
ABŞ administrasiyası nazirlik rəhbərlərinə ictimai açıqlamalar və kommunikasiya məsələlərində daha geniş müstəqillik verməyə hazırlaşır.
AFN.az xəbər verir ki, bu barədə “Fox News” Ağ Evin daxili memorandumuna və mənbələrinə istinadən məlumat yayıb.
Sənədə əsasən, Ağ Evdə Nazirlər Kabinetinin katibi vəzifəsi Nazirlər Kabineti ilə əlaqələr üzrə direktor vəzifəsinə çevriləcək. Yeni vəzifənin əsas məqsədi nazirlik rəhbərlərinin fəaliyyətini dəstəkləmək və onların qarşıya qoyulan hədəflərə çatması üçün lazımi imkanlarla təmin olunması olacaq.
Memorandumda qeyd edilir ki, hər bir nazir öz qurumunun ən yaxşı rəhbəri və nümayəndəsidir. Yeni vəzifə Ağ Evə nazirliklərə operativ, mühüm və uzunmüddətli nəticələr əldə etmək üçün lazımi dəstəyi göstərməyə imkan verəcək.
Telekanalın mənbələrinin bildirdiyinə görə, Stiven Millerin sələfi Syuzan Uaylsın dövründə nazirliklərin demək olar ki, bütün ictimai kommunikasiyaları Ağ Evin mərkəzləşdirilmiş nəzarəti altında olub. Administrasiyanın keçmiş əməkdaşlarından biri bildirib ki, Uayls razılaşdırılmamış ictimai açıqlamalara görə respublikaçıların aralıq seçkilərdə məğlubiyyətinin məsuliyyətinin nazirlərin üzərinə qoyula biləcəyi barədə xəbərdarlıq edib.
Memorandumda siyasi qərarların hazırlanması qaydasının dəyişdirilməsi də nəzərdə tutulur. Bu proses Ağ Ev aparat rəhbərinin siyasi məsələlər üzrə müavini və prezidentin milli təhlükəsizlik üzrə köməkçisi tərəfindən əlaqələndiriləcək, onların səlahiyyətləri isə dəqiq şəkildə ayrılacaq.



