İran zənginləşdirilmiş uranı ölkədən çıxarmaq niyyətində deyil
İran zənginləşdirilmiş uranı ölkədən çıxarmaq niyyətində deyil və onu daxili ehtiyacları üçün istifadə edəcək.
AFN.az xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi “Al Mayadeen” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, zənginləşdirilmiş uran İranın milli sərvətidir və ölkənin öz ehtiyacları üçün nəzərdə tutulub. Rzayi Tehranın bu materialın ölkə hüdudlarından kənara çıxarılmasına razı olmayacağını vurğulayıb.
“Biz zənginləşdirilmiş nüvə materialının heç bir hissəsinin İrandan çıxarılmasına icazə verməyəcəyik”, – deyə o bildirib.
Rzayi qeyd edib ki, İran hökuməti Rusiyanın bu istiqamətdəki təşəbbüsünə cavab olaraq uranın ölkə ərazisində saxlanılması qərarını Moskva ilə bölüşüb. Onun sözlərinə görə, zənginləşdirilmiş urandan layihələndirilən atom gəmiləri və sualtı qayıqlar üçün nüvə yanacağı kimi istifadə olunacaq.
İran rəsmisi ABŞ-a da xəbərdarlıq edərək bildirib ki, ölkəyə qarşı yeni hücum baş verərsə, buna uzaq məsafədə yerləşən Amerika hərbi bazalarına zərbələrlə cavab veriləcək.
Rzayi Qətərdə ABŞ-la danışıqlar aparılması barədə Vaşinqtonun iddialarını da təkzib edib və bu məlumatları “tamamilə yalan” adlandırıb. O, ABŞ-la dialoqun yalnız İranın irəli sürdüyü yeddi şərt yerinə yetirildikdən sonra mümkün ola biləcəyini bildirib. Həmin şərtlərə bütün cəbhələrdə müharibənin dayandırılması, dondurulmuş vəsaitlərin açılması və dəniz blokadasının aradan qaldırılması daxildir.
