Afrika İttifaqı humanitar yardım agentliyini Uqandada yaradacaq
Afrika İttifaqının (Aİ) münaqişə və təbii fəlakətlərdən zərər çəkən əhaliyə yardımın əlaqələndirilməsi ilə məşğul olacaq Humanitar Agentliyinin (AfHA) baş qərargahı Uqandanın paytaxtı Kampalada yerləşəcək.
AFN.az xəbər verir ki, bu barədə Afrika İttifaqının mətbuat xidməti məlumat yayıb.
Qərargahın Uqandada yerləşdirilməsinə dair saziş ölkənin Entebbe şəhərindəki prezident iqamətgahında, dövlət başçısı Yoveri Museveninin iştirakı ilə imzalanıb. Sənədə əsasən, Uqanda agentliyin yaradılması və fəaliyyətinin təmin edilməsi üçün üç il ərzində 86 milyon dollar ayıracaq.
Afrika İttifaqının səhiyyə, humanitar fəaliyyət və sosial inkişaf məsələləri üzrə komissarı Amma Tvum-Amoanın sözlərinə görə, agentliyin ilk əməkdaşlarının 2026-cı il dekabrın ortalarınadək Uqandaya gəlməsi gözlənilir. Uqanda hakimiyyətinin qiymətləndirməsinə görə, qurumun tammiqyaslı infrastrukturunun yaradılması təxminən üç il çəkəcək.
Agentliyin əsas vəzifəsi qitədə silahlı münaqişələrə, təbii fəlakətlərə, ərzaq böhranlarına və əhalinin kütləvi köçünə humanitar reaksiyanın əlaqələndirilməsi olacaq. Qurum zərərçəkənlərin ərzaq, dərman, müvəqqəti yaşayış yeri və zəruri ləvazimatlarla təmin olunmasını təşkil edəcək.
Operativ yardımın göstərilməsi məqsədilə Afrikanın müxtəlif bölgələrində beş logistika mərkəzinin yaradılması da planlaşdırılır.
Afrika İttifaqının bildirdiyinə görə, yeni agentliyin yaradılması qitə ölkələrinin humanitar böhranlara müstəqil şəkildə müdaxilə imkanlarını gücləndirməyə və beynəlxalq yardımdan asılılığı azaltmağa xidmət edəcək.

