Afrika BMT TŞ-də veto hüquqlu daimi yerlər tələb edir
Afrika İttifaqı (Aİ) Komissiyasının sədri Mahamud Əli Yusuf BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı Afrikanın Təhlükəsizlik Şurasında təmsilçiliyinin genişləndirilməsi məsələsini gündəmə gətirəcək.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Afrika İttifaqının mətbuat xidməti məlumat yayıb.
Mahamud Əli Yusuf BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsində iştirak etmək üçün Nyu-Yorka gəlib. Afrika İttifaqının məlumatına görə, nümayəndə heyətinin əsas mesajlarından biri qlobal qərarların qəbulunda Afrikanın daha geniş təmsil olunmasının vacibliyi olacaq.
İttifaq daha ədalətli və effektiv çoxtərəfli sistemin formalaşdırılmasını, o cümlədən Afrika qitəsinin BMT Təhlükəsizlik Şurasında və beynəlxalq maliyyə institutlarında tamhüquqlu təmsil olunmasını tələb edir.
Afrika İttifaqının digər prioritetləri arasında qitə ölkələrinin sülh və təhlükəsizliyin təmin edilməsində rolunun gücləndirilməsi, regional inteqrasiyanın və iqtisadi transformasiyanın inkişaf etdirilməsi, eləcə də iqlim dəyişikliyi, qlobal səhiyyə, ticarət, texnologiyalar və davamlı inkişaf məsələlərində Afrikanın mövqeyinin təşviqi yer alır.
Yusufun Nyu-Yorkda BMT-nin baş katibi Antonio Quterreşlə, həmçinin dövlət və hökumət başçıları və biznes nümayəndələri ilə görüşlər keçirməsi planlaşdırılır.
Afrika İttifaqı 20 ildən artıqdır ki, qitənin BMT Təhlükəsizlik Şurasında təmsilçiliyinin genişləndirilməsinə çalışır. Ezulvini Konsensusu və 2005-ci il Sirte Bəyannaməsində əksini tapan ümumi mövqeyə əsasən, Afrika ölkələri üçün veto hüququ da daxil olmaqla, bütün səlahiyyətlərə malik ən azı iki daimi yer, eləcə də ümumilikdə beş qeyri-daimi yer ayrılmalıdır.
Daimi yerlərə Afrika ölkələrindən namizədləri Afrika İttifaqının özü müəyyən etməlidir.
Hazırda BMT Təhlükəsizlik Şurası 15 dövlətdən ibarətdir. Şurada üç qeyri-daimi yeri Afrika ölkələri — Konqo Demokratik Respublikası, Liberiya və Somali tutur. Qitə ölkələrinin daimi yeri yoxdur.


