Sudan üzrə vasitəçilər ümumi yol xəritəsi hazırlamaq barədə razılaşıb
Sudan üzrə beynəlxalq vasitəçilik formatlarının iştirakçıları humanitar tədbirləri, döyüşlərin dayandırılmasını və vətəndaş qüvvələrinin iştirakı ilə siyasi dialoqu əhatə edən ümumi yol xəritəsi hazırlamaq barədə razılığa gəliblər.
AFN.az xəbər verir ki, bu barədə Afrika İttifaqının (Aİ) mətbuat xidməti məlumat yayıb.
Nyu-Yorkda keçirilən görüşdə Aİ Komissiyasının sədri Mahamud Əli Yusuf və ABŞ həmsədrliyi ilə “dördlük” və “beşlik” formatları ilk dəfə birgə iclas keçirib. Tərəflər siyasi və təhlükəsizlik istiqamətlərində səylərin əlaqələndirilməsi, zorakılığın azaldılması və dinc əhalinin qorunması ilə yanaşı, əldə olunacaq mümkün razılaşmaların icrasına nəzarət mexanizmlərinin hazırlanmasını müzakirə ediblər.
Yusuf Sudanda dərhal humanitar atəşkəsin elan olunmasına və döyüşlərin dayandırılmasına çağırıb. O, münaqişənin hərbi yolla həllinin mümkün olmadığını və siyasi prosesin inklüziv şəkildə, sudanlıların özlərinin rəhbərliyi ilə aparılmalı olduğunu bildirib.
Aİ Komissiyasının sədri həmçinin münaqişə tərəflərinə xarici hərbi dəstəyin dayandırılmasını istəyib. Onun sözlərinə görə, humanitar, hərbi və siyasi istiqamətlər üzrə tədbirlər paralel şəkildə həyata keçirilməli və bir-birini tamamlamalıdır.
Görüş iştirakçıları münaqişəyə son qoyulması, humanitar vəziyyətin yaxşılaşdırılması və inklüziv siyasi prosesin dəstəklənməsinin vacibliyini təsdiqləyiblər. Tərəflər həmçinin humanitar deklarasiyanın hazırlanması üzrə işlərin davam etdirilməsinin və xarici hərbi müdaxilənin qarşısının alınmasının zəruriliyini vurğulayıblar.
Qeyd edək ki, Sudan üzrə vasitəçilərin “dördlüyünə” ABŞ, Misir, Səudiyyə Ərəbistanı və BƏƏ daxildir. “Beşlik” formatında isə Afrika İttifaqı, BMT, Hökumətlərarası İnkişaf Təşkilatı (IGAD), Ərəb Dövlətləri Liqası və Avropa İttifaqı təmsil olunur.

