Almaniya ordusu Çin istehsalı dronlardan istifadəni qadağan edib


Almaniya Silahlı Qüvvələri (Bundesver) casusluq ehtimalı ilə bağlı narahatlıqlar səbəbindən hərbi hissələrdə və poliqonlarda Çin istehsalı olan kiçik pilotsuz uçuş aparatlarından (PUA) istifadəni qadağan edib.

AFN.az xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı mənbələrinə istinadən məlumat yayıb.

Almaniya Müdafiə Nazirliyi, o cümlədən DJI şirkətinin istehsal etdiyi kommersiya dronlarının istismarının dərhal dayandırılmasını tapşırıb. Qurumda hesab edirlər ki, bu cihazlar Çinin xüsusi xidmət orqanlarına hərbi təlimlər, silah sistemləri və hərbi kazarmaların görüntüləri barədə məxfi məlumatlar ötürə bilər.

Nazirliyin nümayəndəsi təhlükəsizlik tədbirlərinin sərtləşdirildiyini təsdiqləyib. Onun sözlərinə görə, gələcəkdə Çin istehsalı olan dronlardan istifadə edilməyəcək, mövcud avadanlıqlar isə Almaniya və ya digər Avropa istehsalçılarının məhsulları ilə əvəzlənəcək.

Jurnalın məlumatına görə, son illərdə hərbi hissələrin komandirləri mürəkkəb bürokratik prosedurlardan yan keçərək sadələşdirilmiş qaydada kommersiya dronları ala biliblər. Bu yolla ordunun ehtiyacları üçün bir neçə min pilotsuz uçuş aparatının satın alındığı ehtimal edilir. Həmin alışların mərkəzləşdirilmiş uçotu aparılmayıb.

Bununla belə, indiyədək mümkün casusluq hallarının aşkar edilib-edilmədiyi məlum deyil.

Bundesver Çin istehsalı olan avtomobillərin də mühafizə olunan hərbi obyektlərin ərazisinə girişini qadağan edib. Məhdudiyyətlər BYD, Geely və NIO markalı avtomobillərə şamil olunur. Bu avtomobillərə sahib hərbçilərə nəqliyyat vasitələrini hərbi hissələrin ərazisindən kənarda saxlamaq tapşırılıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu