Çin Almaniya sənayesinə ağır zərbə vurur - media
Almaniya sənayesinin əsasını təşkil edən ixtisaslaşmış orta müəssisələr Çinlə rəqabətə tab gətirə bilmir.
AFN.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazıb. Nəşr qeyd edir ki, Çin istehsalçıları keyfiyyəti artıraraq Avropadan iki dəfə ucuz məhsul təklif edirlər. Nəticədə Almaniya şirkətləri işçiləri ixtisar edir və xərcləri azaltmaq üçün istehsalı xaricə, o cümlədən Çinə köçürür. Uzun onilliklərdən sonra ilk dəfə Almaniyanın Çindən texnoloji idxalı ixracı üstələyib.
"EY" şirkətinin hesabatına görə, Almaniya sənayesi hər ay 10 mindən çox iş yeri itirir. 2022-ci ilin fevralından 2026-cı ilin əvvəlinədək sənaye istehsalı 10%, enerjitutumlu sektorlarda isə 15%-dən çox kiçilib.
Bildirilir ki, Çin hökuməti alman rəqiblərini bazardan sıxışdırmaq üçün "10 min kiçik nəhəng" proqramını məqsədyönlü şəkildə həyata keçirib. Avropada enerjinin bahalaşması və zəif tələbat isə Almaniyadakı böhranı daha da dərinləşdirir.

