Almaniya: ABŞ-ın qoşunlarını geri çəkməsi gözlənilən bir vəziyyət idi
Almaniyanın müdafiə naziri Boris Pistorius ABŞ-ın Almaniyadakı 5 min hərbçisini geri çəkmə qərarının əvvəlcədən proqnozlaşdırılan bir addım olduğunu bildirib.
AFN.az xəbər verir ki, alman mətbuatına açıqlama verən Pistorius amerikalılarla Ramştayn, Qrafenvör, Frankfurt və digər bölgələrdə Avropanın təhlükəsizliyi və Ukrayna mövzusu üzrə sıx əməkdaşlıq etdiklərini vurğulayıb.
Birləşmiş Ştatların Almaniya da daxil olmaqla, Avropadan qoşunlarını çəkməsinin gözlənilən olduğunu qeyd edən nazir, avropalıların öz təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalı olduqlarını diqqətə çatdırıb. Pistorius Almaniya ordusunun böyüyəcəyini, hərbi ləvazimatların daha sürətli təmin edildiyini və infrastruktur işlərinin davam etdiyini bildirib.
Nazir həmçinin qeyd edib ki, ABŞ əsgərlərinin Avropada mövcudluğu həm Berlinin, həm də Vaşinqtonun strateji maraqlarına xidmət edir. Lakin yeni reallıqlar Almaniyanın hərbi potensialının gücləndirilməsini zəruri edir.


