Berlin Ukraynaya əlavə 1,9 milyard avro yardım ayırır

Berlin Ukraynaya hərbi yardım üçün əlavə 1,9 milyard avro ayırmağı planlaşdırır.
AFN.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşdən sonra bəyan edib.
“Biz bu il Ukraynaya 4 milyard avro yardım planı ilə başladıq. Son aylarda bu məbləği 7 milyard avroya qədər artırdıq. İndi isə əlavə 1,9 milyard avro ayırmaq istəyirik” – deyə o, bildirib.
Almaniya Bundestaqının Büdcə Komitəsi 2024-cü ilin martında Maliyyə Nazirliyinin 2025-ci ildə Ukraynaya əlavə 3 milyard avro hərbi yardım ayrılması ilə bağlı sorğusunu təsdiqləyib. Daha əvvəl 2025-ci il büdcəsində Ukraynaya hərbi dəstək üçün 4 milyard avro nəzərdə tutulmuşdu. Beləliklə, gələn il üçün bu məbləğin ümumilikdə 7 milyard avro olması planlaşdırılırdı. İndi Almaniya hökuməti bu göstəricini demək olar ki, 9 milyard avroya çatdırmaq niyyətindədir. Lakin əlavə yardım barədə yekun qərarı Bundestaq verəcək.
Qeyd edək ki, Almaniya Ukraynaya silah tədarükündə ABŞ-dan sonra ikinci yerdədir.