Uqandada 10 minə qədər miqrant üçün mərkəz yaradılması müzakirə edilir


Uqanda Avropa İttifaqı ölkələrindən deportasiya edilməli olan 10 minə qədər miqrantın yerləşdirilməsi üçün mərkəz yaradılması imkanını nəzərdən keçirir.

AFN.az xəbər verir ki, bu barədə “Daily Monitor” mənbələrə və əldə etdiyi sənədlərə istinadən məlumat yayıb.

Məlumata görə, müvafiq təklif sentyabr ayında Avropa Parlamentinin deputatları Tineke Strik və Anna Strolenberqin Kampalaya səfəri zamanı müzakirə edilib. Təşəbbüs Aİ ölkələrində qalmaq hüququ olmayan 5-10 min nəfər üçün mərkəzin yaradılmasını nəzərdə tutur.

Qəzetin məlumatına görə, əməkdaşlıq müqabilində Uqandaya maliyyə kompensasiyası və əlavə ticarət güzəştləri təklif oluna bilər.

“Daily Monitor” yazır ki, deportasiya ediləcək miqrantlar üçün Aİ-dən kənarda mərkəzlərin yaradılması imkanını Almaniya, Avstriya, Niderland, Danimarka və Yunanıstan müzakirə edir. Uqandaya göndərilmə ehtimalının miqrantları könüllü şəkildə öz ölkələrinə qayıtmağa sövq edəcəyi gözlənilir.

Uqandadakı Aİ nümayəndəliyi isə avroparlamentarilərin səfərinin şəxsi xarakter daşıdığını və Avropa Parlamenti və ya Avropa Komissiyası tərəfindən təşkil edilmədiyini bildirib. Nümayəndəliyin təmsilçisi Emmanuel Gyezaho qeyd edib ki, Avropa Komissiyasının Kampala ilə bu məsələ üzrə danışıqlar aparmaq mandatı yoxdur.

Uqandanın Xarici İşlər Nazirliyinin nümayəndəsi Adoniya Ayebare isə belə razılaşmaların yalnız Aİ-nin ayrı-ayrı ölkələri ilə ikitərəfli əsasda bağlana biləcəyini deyib. Onun sözlərinə görə, mərkəzin yaradılması ilə bağlı hələlik rəsmi qərar qəbul edilməyib.

Uqanda dünyada ən çox qaçqın qəbul edən ölkələrdən biridir. Ölkədə əsasən qonşu Afrika dövlətlərindən olan təxminən 2 milyon qaçqın və sığınacaq axtaran şəxs yaşayır.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu