Şeyx Hasina Banqladeşə qayıtmaq istəyir



Banqladeşin devrilmiş baş naziri Şeyx Hasina Hindistanda iki ildən artıq davam edən mühacirətdən sonra dekabrın 16-da vətəninə qayıtmağı planlaşdırır. 

AFN.az xəbər verir ki, onun sözçüsü Syed Mozammel Ali Reuters agentliyinə bildirib ki, Hasina bu tarixi Banqladeşin 1971-ci ildə Pakistanla apardığı azadlıq müharibəsinin başa çatmasının ildönümü ilə əlaqələndirib, lakin ölkə hökuməti onun yalnız ekstradisiya yolu ilə geri dönə biləcəyini bəyan edib.

Bu, 79 yaşlı Hasinanın ölkəyə qayıtması üçün ilk dəfə konkret tarix açıqlamasıdır. Bu addım partiyasının fəaliyyəti qadağan edilmiş Banqladeşdə siyasi və hüquqi gərginliyi artıra bilər. Hasinanın bu ay yeni pasport və digər sənədlər əldə etməyə çalışmasından sonra ölkədə zorakılıq halları da artıb.

Hasina avqustun 5-də, ona qarşı baş vermiş üsyandan sonra Dehliyə getdiyi vaxtdan bir neçə ay sonra ləğv edilmiş sənədlərini yeniləmək üçün müraciət etməklə yanaşı, Banqladeş hökumətindən onun dövlət bayrağı altında uçuşlar həyata keçirən Biman Bangladesh Airlines aviaşirkətinin təyyarəsi ilə ölkəyə qaytarılmasını təşkil etməsini istəyib.

Sözçüsü Syed Mozammel Ali açıqlamasında bildirib ki, Şeyx Hasina 2024-cü il avqustun 5-də Banqladeş təyyarəsi ilə Hindistana aparıldığı üçün indi hökumətdən onun Dehlidən Dəkkəyə hava nəqliyyatı ilə geri qaytarılmasını təşkil etməsini xahiş edir. O, Hasinanın həmin şəraitdə Konstitusiyaya zidd şəkildə sürgün edildiyini iddia edərək, dekabrın 16-da – Qələbə Günündə onun Banqladeşə qayıtmasını təmin etməyin hökumətin məsuliyyəti olduğunu bildirib.

Hökumət isə Hasinanın yalnız Hindistan tərəfindən ekstradisiya edilə biləcəyini bir daha vurğulayıb. O, ötən il Banqladeş məhkəməsi tərəfindən tələbə hərəkatının rəhbərlik etdiyi üsyanın qanlı şəkildə yatırılması barədə əmr verməkdə təqsirli bilinərək, iştirakı olmadan ölüm cəzasına məhkum edilib. Hasina sürgündə olduğu müddətdə ona qarşı irəli sürülən ittihamları rədd edib.

Banqladeşin xarici işlər üzrə dövlət naziri Humayun Kobir Reuters-ə açıqlamasında Hasinanı məhkum olunmuş cinayətkar və qaçaq terrorçu adlandırıb. O bildirib ki, Hasina yalnız ekstradisiya müqaviləsi əsasında, qandallanmış vəziyyətdə və ciddi nəzarət altında vətənə qayıda bilər.

Hindistan Xarici İşlər Nazirliyi şərh sorğusuna dərhal cavab verməyib. Nazirlik aprel ayında Banqladeşin ekstradisiya müraciətini araşdırdığını bildirmiş, yeni hökumətlə konstruktiv dialoq aparmaq və ikitərəfli əlaqələri daha da gücləndirmək istədiyini açıqlamışdı.

Hasinanın geri qaytarılması üçün təyyarə ayrılması tələbinə münasibət bildirən Kobir Banqladeşin belə bir əsassız müraciəti nəzərə almayacağını deyib.

Hasinanı ölüm cəzasına məhkum etmiş Banqladeş Beynəlxalq Cinayətlər Tribunalının baş prokuroru Aminul İslam da məhkum edilmiş və axtarışda olan şəxsin hökumətin onun geri dönüşünü təşkil etməsini gözləməsinin məntiqsiz olduğunu bildirib.

Banqladeşin bir naziri bazar günü Reuters-ə açıqlamasında Hasinanın ölkəyə qayıdacağı təqdirdə həbs edilərək cəzaçəkmə müəssisəsinə göndəriləcəyini deyib. Nazir Hindistanla onu geri gətirmək üçün təyyarə göndərilməsi barədə heç bir rəsmi müzakirənin aparılmadığını da bildirib.

Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, Hasinanı hakimiyyətdən getməyə məcbur edən iğtişaşlar zamanı 1 400 nəfərədək insan həlak olub.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu