İndoneziyada konfet fabrikində yanğın: Ölənlərin sayı 24-ə çatıb, 30 nəfər itkin düşüb
İndoneziyanın Banten bölgəsində konfet istehsalı fabrikində baş verən yanğın nəticəsində ölənlərin sayı 24-ə yüksəlib.
AFN.az xəbər verir ki, xilasetmə qrupları itkin düşən təxminən 30 nəfəri tapmaq üçün çökmə təhlükəsi olan yanmış tikililərdə axtarışları davam etdirir.
Rəsmilər paytaxt Cakartadan avtomobillə təxminən bir saatlıq məsafədə yerləşən Banten əyalətinin Çikande bölgəsindəki PT Fonusa Aqunq Mulia konfet fabrikinin binasında şənbə günü axşam saatlarında baş verən yanğının səbəbini araşdırırlar.
Əmək məsələləri üzrə prezident müşaviri Səid İqbal jurnalistlərə açıqlamasında hadisə nəticəsində 24 nəfərin öldüyünü bildirib. O, təhlükəsizlik protokollarına əməl olunmasının qiymətləndirildiyini və fabrikin baş icraçı direktorunun (CEO) ifadə verməyə çağırılacağını əlavə edib. Səid ilkin hesabatların yanğının kondisionerlərdən birində baş vermiş qısaqapanma nəticəsində başlamış ola biləcəyinə işarə etdiyini deyib.
Fabrikin baş icraçı direktoru Stiven Ervin Vidjaya şənbə günü növbəsi zamanı fabrik kompleksində təxminən 300 nəfərin olduğunu bildirib.
Xilasetmə qrupları hazırda itkin düşən təxminən 30 nəfəri dağıntılar altında axtarmağa davam edir.


