Kim Çen In xarici siyasətinin əsas prinsiplərini açıqlayıb


Şimali Koreya hegemonluq və ərazilərini genişləndirmək niyyətində olmadığını, suverenliyinə hörmət edən dövlətlərlə dostluq münasibətlərini inkişaf etdirməyə hazır olduğunu bəyan edib.

AFN.az xəbər verir ki, bunu ölkə lideri Kim Çen In 10 dövlətin səfirlərinin etimadnamələrinin qəbulu mərasimində bildirib. Məlumatı Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) yayıb.

Kim Çen In vurğulayıb ki, KXDR nə hegemonluğa, nə də ekspansiyaya can atır. Onun sözlərinə görə, güc yolu ilə təzyiq və məcburetmə ölkənin xarici siyasət prinsipləri ilə heç bir əlaqəsi olmayan yanaşmalardır. O, sülh, inkişaf və rifahın Şimali Koreyanın xarici siyasətində əsas dəyərlər olaraq qaldığını bildirib.

Şimali Koreya liderinin sözlərinə görə, Pxenyan qarşılıqlı hörmət, bərabərlik və qarşılıqlı fayda prinsiplərinə əməl edən bütün dövlətlərlə əlaqələrini möhkəmləndirmək niyyətindədir. Bununla yanaşı, o, qeyri-sabit beynəlxalq vəziyyət fonunda suverenliyin, təhlükəsizliyin və inkişaf hüququnun qorunmasının hökumət üçün əsas vəzifə olduğunu qeyd edib.

Mərasim noyabrın 22-də Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin qərargahında keçirilib. Kim Çen In Rusiya, İndoneziya, İsveç, Vyetnam, Braziliya, Çexiya, Hindistan, Filippin, Tailand və Banqladeşin səfirlərinin etimadnamələrini qəbul edib. Diplomatlar arasında Rusiyanın Pxenyandakı səfiri Andrey Podleşev də olub.

Şimali Koreya lideri hər bir diplomatla ayrıca foto çəkdirib və onların ikitərəfli münasibətlərin inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib.

Çıxışı zamanı Kim Çen In səfirlərin diplomatik imtiyaz və toxunulmazlıqlarının beynəlxalq hüquqa və KXDR qanunvericiliyinə uyğun təmin ediləcəyini də vəd edib. Tədbirdə ölkənin xarici işlər naziri Çoy Son Hi də iştirak edib.

Qeyd edək ki, 2026-cı ilin martında Şimali Koreya Konstitusiyasına dəyişikliklər edilib. Həmin dəyişikliklərə əsasən, xarici ölkələrin səfirlərinin etimadnamələrini qəbul etmək səlahiyyəti Ali Xalq Məclisi Rəyasət Heyətinin sədrindən dövlət işləri üzrə komitənin sədrinə verilib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu