Vyetnamlı məşhur elm adamından təhsilimizlə bağlı qürurverici sözlər...
Milli təhsil sistemimizin dünənki və bugünkü uğurları sabahımızla bağlı optimist olmağa əsas verir
Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının Fəxri Prezidenti Nqiyem Vu Xai Prezident İlham Əliyevin ölkəsinə səfəri fonunda Azərbaycan və onun təhsil sistemi ilə bağlı qürurverici fikirlər səsləndirib. Azərbaycan xalqının vyetnamlılara hər zaman xüsusi ehtiram və hörmətlə yanaşdığını vurğulayan Nqiyem Vu Xai, ölkəmizin təhsil sisteminin vyetnamlı tələbələrin gələcəyinə müsbət mənada ciddi təsir göstərdiyini bildirib:
“Mən 1970-ci ilin avqustunda Bakıya gəlmişəm. Həmin vaxt orta məktəbi bitirmişdim və 17 yaşım var idi. Bir il rus dili hazırlıq kursunda təhsil aldım. Daha sonra Bakı Dövlət Universitetinə daxil oldum və beş il burada təhsil aldım. Rus dili ixtisası üzrə diplom aldım. Bakıda təhsil aldığım müddətdə təkcə mənə deyil, bütün vyetnamlı tələbələrə müəllimlərimiz, professorlarımız və tələbə yoldaşlarımız tərəfindən böyük dəstək, yardım və səmimi münasibət göstərilirdi.
... Onilliklər ərzində Azərbaycanın ali məktəblərində təhsil almış keçmiş vyetnamlı tələbələrin sayı təxminən 5 min nəfərdir. Azərbaycanda təhsil almış vyetnamlı tələbələr sonradan böyük uğurlar qazanıblar. Onlardan biri Vyetnamın Baş nazirinin müavini, digəri isə Vyetnam Milli Assambleyasının sədr müavini olub. Mən də daxil olmaqla, təxminən 15 nəfər parlament üzvü, bir neçə nazir müavini, elmi-tədqiqat müəssisələrinin və universitetlərin rəhbərləri yetişib.
Hətta Bakıdakı qrup yoldaşım, professor Mayk Çanq da Hanoy Milli Universitetinin prezidenti olub. Həmin vaxt mən elm və texnologiya nazirinin müavini vəzifəsində çalışırdım. Bir çox tələbə yoldaşım sonradan böyük uğurlar əldə etdi”.
Bugünün uğurları dünənin nailiyyətlərin davamı kimi...
Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının Fəxri Prezidenti Nqiyem Vu Xainin BDU və Azərbaycan təhsili haqqında səsləndirdiyi fikirlər sovet dönəmində Azərbaycan təhsilinin beynəlxalq aləmdə müsbət imicə sahib olduğunu göstərir. Görkəmli elm adamınn bu açıqlaması həm də Azərbaycan təhsilinin qürurverici keçmişə, fundamental bazaya, zəngin beynəlxalq əməkdaşlıq təcrübəsinə malik olduğunun isbatı sayıla bilər.
Aparılan araşdırma və müşahidələr onu deməyə əsas verir ki, zaman-zaman cidid tənqidlərə hədəf olmasına baxmayaraq, bu gün də Azərbaycan təhsilinin beynəlxalq aləmdə kifayət qədər böyük uğurları mövcuddur. Xüsusilə də, dövlət universitetlərinin bu sahədə əldə etdiyi müvəffəqiyyətlər daha böyükdür. Hansı ki, bunu bəzi konkret nümunələrə nəzər salmaqla da asanlıqla müəyyənləşdirmək mümkündür. Nümunə üçün qeyd edək ki, 2020-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinin V və VI kurs tələbələri Leyla Gəncəliyeva ilə Ədalət Gəncəliyev IFMSA-InSimu III Beynəlxalq Diaqnostika Çempionatında 1000-dən çox iştirakçı arasında 5-ci yerə çıxıblar. 2026-cı ildə isə “Tibbdə morfologiya: fundamental nəzəriyyələrdən klinik həllərə" adlı I Beynəlxalq Elmi-Praktik Konfrans çərçivəsində ATU-nun Müalicə-profilaktika fakültəsinin tələbələri Vüsal Salahov və Ağasəf Cəfərov "Characterization of behavioral, cognitive, and ultrastructural changes induced by wireless earphones in mice" (“Naqilsiz qulaqlıqların təsirindən siçanlarda baş verən davranış, koqnitiv və ultrastruktural dəyişikliklərin xarakteristikası”) adlı məruzə ilə çıxış edərək I yerə layiq görülüblər.
Tarixi nailiyətlərini əzmlə davam etdirən BDU
Rektor Elçin Babayevin dönəmində Bakı Dövlət Universitetinin (BDU) beynəxalq arenada əldə etdyi uğurlar isə daha böyük olub.
2021-ci ildə Rusiya Federasiyası Baş Prokurorluğu tərəfindən “Korrupsiyaya qarşı birlikdə” şüarı ilə keçirilən beynəlxalq gənclər müsabiqəsində universitetin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin I kurs magistrantı Fərid Qurbanov və Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin IV kurs tələbəsi Rəhim Aslanovun birgə hazırladığı videoçarx “Ən yaxşı videoçarx” nominasiyası üzrə III yerə layiq görülüb.
2026-cı ildə BDU-nun komandası Özbəkistanın paytaxtı Daşkənddə keçirilən V ICESCO Beynəlxalq CanSat Təlim Seminarı və Aerokosmik Simpoziumu çərçivəsində təşkil olunan beynəlxalq müsabiqədə III yerə sahib olub.
Eləcə də, BDU-nun Biologiya fakültəsinin tələbələri Şahnaz Vəliyeva Tacikistan Milli Universitetinin təşkilatçılığı ilə keçirilən Biologiya üzrə Beynəlxalq Olimpiadada I, Firuzə Məhərrəmova və Günay Fətəliyeva II yerə layiq görülüblər.
Onu da qeyd edək ki, BDU QS beynəlxalq reytinq agentliyinin dünya universitetləri üzrə reytinqlərində əldə etdiyi yüksək nəticələrə görə mükafata layiq görülüb və mükafat QS-in prezidenti Nunzio Quacquarelli tərəfindən BDU rektorunun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasova təqdim edilib.
Bir yarışda Azərbaycan adına qazanılan 6 medal
Azərbaycan Dövlət Pedaqoji Universiteti rektor Cəfər Cəfərovun, Azərbaycan Texniki Universiteti isə rektor Vilayət Vəliyevin fəaliyyəti dövründə ciddi uğurlar əldə edib. Təkcə bir faktı qeyd edək ki, Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri cari ilin 14–16 avqust tarixlərində Amerika Birləşmiş Ştatlarının (ABŞ) Kaliforniya ştatında keçirilən "Silicon Valley International Invention Festival – SVIIF 2026" beynəlxalq innovasiya müsabiqəsində 6 medal və "Semi-Grand Prix" xüsusi mükafatı əldə ediblər ki, bu da həmin yarış üçün rekord göstəricidir.
Bir sözlə, yuxarıda qeyd olunan bütün faktlar onu deməyə əsas verir ki, hər zaman böyük uğurları ilə diqqət çəkən Azərbaycan təhsil sisteminin sabahı ilə bağlı optimist olmaq üçün kifayət qədər əsas var.
İnanırıq ki, yaxın gələcəkdə təhsil sistemimiz bütün çətinlikləri geridə qoyaraq daha böyük uğurlar əldə edəcək və Azərbaycanın adı beynəlxalq arenada digər sahələrdə olduğu kimi elm, təhsil müstəvisində də ehtiramla çəkiləcək.

