Mədəaltı vəzi xərçənginə qarşı yeni dərman sınaqlarda ümidverici nəticələr göstərdi
Mütəxəssislər ən ölümcül və müalicəsi ən çətin xərçəng növlərindən biri olan mədəaltı vəzi xərçənginin bəzi xəstələrində şişləri kiçildən, hətta tamamilə yox edə bilən gündəlik həbi son onilliklərin ən böyük tibbi irəliləyişlərindən biri kimi qiymətləndirirlər.
AFN.az xəbər verir ki, daraxonrasib adlı preparatın kimyaterapiya ilə birlikdə tətbiq edildiyi ilkin mərhələli klinik sınaqlarda hər 12 xəstədən birində xərçəng müayinələr zamanı aşkar edilməyəcək səviyyəyə düşüb.
Bu yaxınlarda xəstəliyin bədənin digər nahiyələrinə yayıldığı irəliləmiş mərhələdə mədəaltı vəzi xərçəngi diaqnozu qoyulmuş 61 iştirakçının demək olar ki, hamısında şişlərin böyüməsi dayanıb.
Lakin həkimlər dərmanın xəstəliyi nə qədər müddət nəzarətdə saxlaya biləcəyini müəyyənləşdirmək üçün hələ tez olduğunu və onun qəti müalicə vasitəsi kimi qiymətləndirilməməli olduğunu vurğulayırlar.
İngiltərənin Cancer Research UK xərçəng araşdırmaları təşkilatı bu inkişafı mədəaltı vəzi xərçəngi xəstələri üçün son onilliklərin ən böyük irəliləyişi kimi xarakterizə edib.
Təşkilatın nümayəndəsi doktor Sem Qodfri BBC News-a açıqlamasında nəticələrin son dərəcə ümidverici olduğunu bildirib. Onun sözlərinə görə, yeni dərman indiyədək dərmanla müalicəsi mümkün olmayan xəstəliyin müalicəsi üçün bir yol açıb və mədəaltı vəzi xərçəngi sahəsində uzun müddətdir gözlənilən irəliləyiş nəhayət müşahidə olunur.
Müalicəsi olduqca çətin olan mədəaltı vəzi xərçəngi İngiltərədə geniş yayılmış bütün xərçəng növləri arasında ən aşağı sağqalma göstəricisinə malikdir. Kimyaterapiya şişləri müəyyən qədər kiçildə bilsə də, xərçəng adətən yenidən böyüməyə başlayır. Xəstəliyin irəliləmiş mərhələsində olan insanların əksəriyyəti illərlə deyil, yalnız aylarla yaşaya bilir.
Həkimlər yeni müalicənin xərçəngi tamamilə dayandıra bilməsə belə, xəstələrə daha çox vaxt qazandıra biləcəyinə ümid edirlər. Sınaq çərçivəsində xəstələr orta hesabla il yarım müddətində izlənilib və bu müddətdə bəzi pasiyentlərdə xərçəngin yenidən ortaya çıxmadığı müşahidə edilib. Xəstəliyin remissiyaya düşə biləcəyini və bunun nə qədər davam edəcəyini müəyyənləşdirmək üçün daha uzunmüddətli tədqiqatlara ehtiyac var.
Klinik sınaqların nəticələrinə əsasən, xəstələrin 90 faizində şişlərin böyüməsi dayanıb. Pasiyentlərin 60 faizindən bir qədər çoxunda isə şişlər kiçilib və ya tamamilə yox olub. Xəstələrin təxminən 8 faizində, yəni hər 12 nəfərdən birində şişlər kompüter tomoqrafiyası müayinələrində aşkar edilməyib.
ABŞ-dəki Memorial Sloan Kettering Xərçəng Mərkəzindən tədqiqatda iştirak edən doktor Vunqki Park indiyədək əldə olunan nəticələrin son dərəcə ruhlandırıcı olduğunu bildirib. Onun sözlərinə görə, yalnız şişlərin daha yüksək cavab göstəricisi deyil, həm də daha dərin müsbət nəticələr və xəstəliyə nəzarət müddətinin təxminən iki dəfə artması müşahidə olunur. Park bunun nəticədə daha uzun sağqalma müddətinə çevrilə biləcəyini qeyd edib.
ABŞ-də artıq təsdiqlənmiş KRAS inhibitoru müalicəsi olan daraxonrasib əksər mədəaltı vəzi xərçəngi hallarına xas olan və şişlərin böyüməsinə təkan verən RAS adlı müəyyən mutasiyaları hədəfə alaraq onların fəaliyyətini bloklayır. Ağciyər və yumurtalıq xərçəngi də daxil olmaqla, onlarla başqa xərçəng növündə oxşar mutasiyalar müşahidə oluna bilər. Bu isə dərmanın daha çox xəstəyə kömək edə biləcəyi ehtimalını yaradır.
Doktor Qodfri mədəaltı vəzi xərçəngində müşahidə edilən ilkin uğurun digər xərçəng növlərində də əldə olunacağına ümid etdiyini bildirib. Daha uzunmüddətli sınaqların və onların nəticələrinin həyati əhəmiyyət daşıdığını vurğulayan mütəxəssis xərçəngin yenidən qayıda biləcəyini, müayinələrdə heç bir əlamət görünməsə belə, daha çox vaxt keçmədən xəstəliyin tamamilə aradan qalxdığını qəti şəkildə söyləməyin mümkün olmadığını qeyd edib.
Tədqiqatın nəticələrinin digər həkimlərə təqdim olunduğu Avropa xərçəng konfransı EORTC-nin prezidenti professor Elena Qarralda da əldə edilən nəticələrin ümidverici olduğunu bildirib. Onun sözlərinə görə, bu göstəricilər kombinə edilmiş müalicənin xəstələrin ümumi sağqalma müddətini, eləcə də şişlərin yenidən böyüməyə başlamasına qədər keçən vaxtı əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq potensialına malik olduğunu göstərir.
İngiltərənin Cancer Research UK təşkilatının məlumatına görə, ölkədə hər il 11 min 500 nəfərə mədəaltı vəzi xərçəngi diaqnozu qoyulur və təxminən 10 min 200 nəfər bu xəstəlik səbəbindən həyatını itirir.
Məşhur aktyor Alan Rikman da 2016-cı ildə ona diaqnoz qoyulmasından beş ay sonra bu xəstəlikdən vəfat edib. Xəstəliyin əlamətləri arasında sarılıq, dəridə qaşınma, sidiyin tünd rəng alması, nəcisin açıq rəngdə olması, səbəbi bilinməyən çəki itkisi, yorğunluq və yüksək hərarət yer alır.
