Anthropic səhmləri Nasdaq-da ilk ticarət gününü bahalaşma ilə başa vurdu



Claude süni intellekt modellərinin yaradıcısı Anthropic şirkətinin səhmləri Nasdaq birjasında ilk ticarət günündə bahalaşıb. 

AFN.az xəbər verir ki, ANT tickeri ilə ticarətə başlayan şirkətin səhmləri 111,50 dollardan açılıb.

Gün ərzində ən aşağı 92,72 dollar, ən yüksək isə 115,10 dollar səviyyəsinə çatan səhmlərin qiyməti Bakı vaxtı ilə saat 01:00-da 97,17 dollardan bağlanıb.

Beləliklə, şirkətin səhmləri ilkin kütləvi təklif (IPO) qiyməti olan 83 dollardan 17,1 faiz yüksək səviyyədə günü başa vurub.

Analitiklər Anthropic səhmlərinin birjada ilk ticarət günündə investorların böyük marağı ilə qarşılaşdığını bildiriblər.

Anthropic-in dövriyyədəki səhmləri əsasında hesablanan bazar dəyəri isə 1,3 trilyon dollara yaxınlaşıb. Bununla da şirkət dünyanın ən dəyərli açıq səhmdar cəmiyyətləri arasında 12-ci yerdə qərarlaşıb.

Şirkət səhmlərinin birjada ticarətə başlamasından sonrakı ilk 10 dəqiqə ərzində tam seyrəldilmiş səhmlər əsasında hesablanan bazar dəyəri 2 trilyon dolları ötmüşdü.

Anthropic iyun ayında ilkin kütləvi təklif prosesi üçün hazırladığı ilkin sənədlə ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) məxfi qaydada müraciət etmişdi. Şirkət oktyabrın 26-da da səhmlərini kütləvi satışa çıxarmaq məqsədilə SEC-ə qeydiyyat bəyanatı təqdim etmişdi.

Şirkətin satışa çıxardığı 980 milyon ədəd A sinifli adi səhmin ilkin kütləvi təklif qiyməti 83 dollar müəyyən edilmiş, bununla da 81,3 milyard dollar vəsait cəlb olunmuşdu.

Təklif edilən səhmlərin sayının və ilkin kütləvi təklif qiymətinin şirkətin daha əvvəl açıqladığı hədəfləri üstələməsi diqqət çəkmişdi. Anthropic bundan əvvəl 825 milyon ədəd A sinifli adi səhmi 70-78 dollar qiymət aralığında satışa çıxarmağı planlaşdırdığını bildirmişdi.

Anthropic ilkin kütləvi təklif zamanı əldə etdiyi vəsaitlə SpaceX-i geridə qoyaraq bütün zamanların ən böyük IPO-suna imza atıb.

İyun ayında birjada ticarətə başlayan SpaceX isə ilkin kütləvi təklif zamanı əlavə səhm almaq opsiyası nəzərə alınmadan 75 milyard dollar gəlir əldə etmişdi.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu