Media: ABŞ Ukraynanın Donbası Rusiyaya verməsi müqabilində NATO üzvlüyünü müzakirəyə çıxarıb



The Wall Street Journal (WSJ) qəzeti ABŞ rəsmilərinin Rusiya-Ukrayna müharibəsinə son qoymaq məqsədilə son günlər qapalı keçirilən görüşlərdə Donbas bölgəsinə nəzarətin Rusiyaya verilməsi müqabilində Ukraynanın NATO-ya üzvlüyü məsələsini gündəmə gətirdiyini iddia edib. 

AFN.az xəbər verir ki, bu təklif son aylarda aparılan qapalı sülh danışıqlarında müzakirə olunan məsələlərdən biri olub.

WSJ-nin mövzuya yaxın mənbələrə istinadən yaydığı məlumata görə, ABŞ Prezidenti Donald Trampın kürəkəni və xüsusi nümayəndəsi Cared Kuşner son aylarda Ukrayna ilə bağlı keçirilən qapalı sülh danışıqlarında Ukraynanın Rusiyaya ərazi güzəşti etməsi müqabilində NATO-ya üzvlüyü ideyasını irəli sürüb.

Trampın ictimai açıqlamalarında Ukraynanın NATO üzvlüyünə qarşı çıxdığına işarə edən mənbələrə baxmayaraq, Kuşner və Trampın Sülh üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffun son görüşlərdə bu məsələni dəfələrlə gündəmə gətirdiyi bildirilib.

Mənbələr bu məsələnin sonuncu dəfə ötən həftə Dublində Kuşner və Uitkoffun Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi görüşdə müzakirə olunduğunu qeyd ediblər.

Mənbələrin sözlərinə görə, ABŞ son dövrlərdə keçirilən görüşlərdə iki ssenari təklif edib. Birinci ssenari Ukraynanın NATO-ya üzvlüyü müqabilində Donbas bölgəsinə nəzarəti Rusiyaya verməsini nəzərdə tutur.

İkinci ssenari isə Donbasın Ukraynanın nəzarətində qalması şərti ilə döyüşlərin dayandırılmasını və ABŞ-la Avropa ölkələri arasında imzalanacaq razılaşma vasitəsilə Ukraynaya Rusiyanın mümkün hücumlarına qarşı təhlükəsizlik zəmanətlərinin verilməsini əhatə edir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu